12 May 2024
40 min manatlıq pensiya kapitalı: Ölsək də, bu məbləği yığa bilməyəcəyik

40 min manatlıq pensiya kapitalı: Ölsək də, bu məbləği yığa bilməyəcəyik

09 Yanvar 2023
Baxış: 359

Minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən etibarən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Eləcəcə də pensiya məbləği 240 manat əvəzinə artıq 280 manat olub. Bu, pensiya kapitalının minimum məbləğinə də təsirsiz ötüşməyib. Əvvəllər ən azı 34.560 manat pensiya kapitalı toplamaq tələb olunurdusa, artıq bu rəqəm 40.320 manata yüksəlib.

Yenilik cəmiyyətdə ciddi narazılıq yaradıb. Yenisabah.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli çıxış yolu kimi özəl pensiya fondlarının yaradılmasını göstərir:

“Pensiyalar artan kimi yığım kapitalının da artması formulundan ümumiyyətlə, imtina edilməlidir. Bu doğru formul deyil, çünki orta aylıq əməkhaqqı ilə ehtimal olunan sosial sığorta həcmini götürsək, 40 min manat doğurdan da çox yüksək məbləğdir. Həmin məbləğə çatmayan vətəndaşların isə normal təqaüd alması isə mümkün deyil. Bu çox ciddi problem yaradır.

Çıxış yolu kimi özəl təqaüd fondları yaradılmalıdır. Bu dəfələrlə müzakirə olunub. Azərbaycanda sosial müdafiənin təkcə dövlət təqaüd proqramı üzərində inşası doğru deyil. Artıq özəl təqaüd fondlarının yaradılmasına ehtiyac var ki, rəqabətli mühit yaransın. Məsələn, Türkiyədə səhv etmirəmsə, 11 belə fond fəaliyyət göstərir və vətəndaşların istənilən fondla müqavilə bağlamaq imkanı var.

Özəl fondlar olsa, özləri proqramları təklif edəcək, hansı fond sərfəli proqram təklif edəcəksə, vətəndaş onunla müqavilə bağlayacaq.

Çox təəssüf ki, Azərbaycanda belə seçim imkanı yoxdur. Bircə Sosial Müdafiə Fondu var və o, qanunvericilikdə nəzərdə tutulan qaydada hesablamalar aparır, vətəndaşa alternativ seçim imkanı vermir.

Müxtəlif problemlər ortaya çıxır, məsələn, yığım kapitalı olan insanlar var ki, təqaüd yaşına çatmadan dünyadan köçür. Onların ailəsinin bu kapitala çıxış imkanları məhduddur. Amma özəl fondlar olarsa, bu məsələ müqavilədə tənzimlənər. Vətəndaş özü seçim edə bilər ki, nə qədər ödəyəcək, təqaüd yaşında hansı məbləğdə pensiya alacaq və s”.

Dünya təcrübəsindən misal gətirən ekspert Avropada və bir çox xarici ölkələrdə pensiya yaşına çatmış şəxslərin yığım kapitalına rahatlıqla çıxış əldə etdiyini deyib:

“Bəzi ölkələrdə elə qaydalar var ki, təqaüd yaşına çatan insan həmin kapitalı bir dəfəyə götürür. Tutalım, təqaüdə çıxan bir dəfəyə aldığı pulla kiçik biznes qurur. Belə seçim imkanları yaradılmayınca bu çox ciddi problemlərlə səbəb olacaq. Bu məsələ artıq biryolluq həllini tapmalıdır. Hər dəfə yığım kapitalının artırılması düzgün yanaşma deyil”.

AMİA.az