10 May 2024
"Xalq yazıçısı deyilsiniz..." - Deputatdan "I Qarabağ Müharibəsi olmayıb" deyən Çingiz Abdullayevə SƏRT SÖZLƏR

"Xalq yazıçısı deyilsiniz..." - Deputatdan "I Qarabağ Müharibəsi olmayıb" deyən Çingiz Abdullayevə SƏRT SÖZLƏR

03 Noyabr 2021
Baxış: 619

“Yazıçı (xalq yazıçısı deyə bilməyəcəm) Çingiz Abdullayevin “I Qarabağ Müharibəsi olmayıb” fikrinə susqun qalacaqdım. Onsuz da hər kəs üzərinə gedirdi, mən də ocağa benzin tökmək istəmədim. Amma, yazıçının bu gün verdiyi müsahibədən sonra çarə qalmadı. Necə yəni “I Qarabağ Müharibəsi olmayıb”. Olmayıbsa, 20-minə yaxın şəhidimiz, ümumilikdə isə 30 min Azərbaycan vətəndaşı necə ölüb? Hələ də 3900-yə yaxın itkin var? Onlar necə itkin düşüb? Yazıçı deyir ki, “birinci müharibə vaxtı bizim nə hakimiyyətimiz, nə ordumuz, nə pulumuz, nə silahımız olub”. Bu dedikləriniz olmayanda müharibə olmur? Müharibəyə yeni tərif, yeni yanaşma gətirmək fikrindəsiniz, yoxsa? Bu, şəhidlərin ruhunu təhqir etmək, ruhunu incitmək, şəhid ailələrini, yaxınlarını və bütöv bir xalqı təhqir etməkdir. Deyirsiniz ki, “məni təhqir edirlər”. Mən bütün təhqirlərə pis yanaşıram və pisləyirəm. Amma, bilin ki, siz özünüz Azərbaycan xalqını təhqir etmişiniz. Müharibədən sağ çıxanları, əlil olanları, bütün veteranları təhqir etmisiniz və ən yüngül cəzanız üzr istəmək olar”.

AJMEDİA.İNFO-nun xəbərinə görə, bunu deputat Razi Nurullayev bildirib.

R.Nurullayev qeyd edib ki, Çingiz Abdullayevin bu fikirlərlə hakimiyyətin yüksək eşalonuna yarınmaq meyli hiss olunur: “Onların isə buna ehtiyacı yoxdur. Birinci Qarabağ müharibəsi zamanı rayonlar mərhum Prezident Heydər Əliyevin zamanında işğal edilib. Çünki, ordu dağılmışdı, ölkədə siyasi stabillik pozulmuşdu və Rusiya Ermənistana kömək edirdi. O zaman Əbülfəz Elçibəy də, Heydər Əliyev də, bütün millətimiz müharibə aparırdı və minlərlə şəhidlər verirdi. Bütün prezidentlər, o cümlədən Prezident İlham Əliyev də Birinci və İkinci Qarabağ müharibəsi deyir. Siz belə deməklə ehtiyac olmadan yarınmaq istəmisiniz. Məgər bu gün 44 günlük zəfərdə Prezident İlham Əliyevin rolunu azaltmaq istəyən var? Yoxdur, ola da bilməz. Çünki, bu zəfər tarixi onu rəhbərliyi altında yazılıb. Siz xalq yazıçısı adını formal olaraq daşıya bilərsiniz, amma bu gündən xalqın yazıçısı deyilsiniz”.