13 May 2024
Türkiyədə qadın övladına Xocalı soyqırımında həlak olan qızın adını qoydu, o da şəhid oldu - VİDEO

Türkiyədə qadın övladına Xocalı soyqırımında həlak olan qızın adını qoydu, o da şəhid oldu - VİDEO

26 Avqust 2022
Baxış: 422

Türkiyənin məşhur aktrisası Burcu Biricik NTV telekanalında yayımlanan “Empati” verilişində qonaq olub.

AJMEDİA.İNFO xəbər verir ki, verilişin aparıcısı Ahmet Mümtaz Taylan Burcu Biricikə 2017-ci ildə Batmanda terror aktı nəticəsində şəhid olan müəllim Aybüke Yalçından bəhs edib və məşhur aktrisaya "öləcəyini bilsəydin, Batmana gedərdinmi?" sualını verib. Aktrisa "başımıza nə gələcəyini bilmirik, hər halda mən də gedərdim" cavabını verib.

Daha sonra aparıcı şəhid müəllimənin adının hekayəsini aktrisaya danışıb:

"Aybükə ilə bağlı başqa bir maraqlı nüans da var. Aybükenin anası hələ o doğulmamışdan öncə Xocalı faciəsi haqqında filmə baxıb. Xocalıda həyatını itirən 613 nəfər var. Hücum nəticəsində həlak olan uşaqlardan birinin adı Aybükə (Aybikə) olub. Ana bu hadisədən çox təsirlənib, göz yaşlarına əngəl ola bilməyib və əgər qızı olarsa, ona Aybükə adını verəcəyini qərarlaşdırıb".

Taylan aktrisadan qədərə inanıb-inanmadığını soruşub. Aktrisa isə "inanıram, ancaq Aybükənin anası böyük ehtimalla "adı ilə yaşasın, oradakı uşaq yaşaya bilmədi, o adla başqa bir can yaşasın məntiqi ilə o adı seçib", - deyə cavab verib.

Qeyd edək ki, Aybüke Yalçın 2017-ci il iyunun 9-da Batmanın Kozluk rayonunda bələdiyyə sədri Veysi Işıkın maşınına PKK-nın hücumu nəticəsində yaralanıb və aparıldığı xəstəxanada dünyasını dəyişib.

(sfera.az)