14 May 2024
Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır

Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır

30 Noyabr 2021
Baxış: 690

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu, Azərbaycan Vətən Müharibəsində böyük Zəfər qazandı.

44 günlük müharibədə tarix yazan rəşadətli Ordumuz, qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın haqq mübarizəsində sarsılmazlığını, qələbə əzmini, hərb meydanında yüksək döyüş məharətini bütün dünyaya nümayiş etdirdi.

Qarabağ Zəfəri ilk növbədə iqtisadi inkişaf, dövlət və ordu quruculuğu sahəsində illərdir Azərbaycanın apardığı siyasətin uğurunu ortaya qoydu. Başqa sözlə, bu zəfər Heydər Əliyev strategiyasının və İlham Əliyev siyasətinin zəfəri idi. Azərbaycan 2020-ci il tarixinə nadir uğurlu ölkə kimi daxil olaraq, dünyadakı yaxşı imicini ciddi şəkildə daha da yaxşılaşdırdı və öz gücünü bütün dünyaya bir daha sübut etdi.

Azərbaycan Respublikasının dinamik iqtisadi inkişafı bütün sahələrdə böyük nailiyyətlərin əldə edilməsini şərtləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti sayəsində, demək olar ki, 18 il ərzində Azərbaycan, sözün həqiqi mənasında, əzəmətli inkişaf mərhələsi keçmişdir. Bu illər ərzində Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ÜDM-nin üçqat artımında ifadə olunub. Azərbaycan özünün sürətli inkişafı, sahib olduğu zəngin təbii resursları və əlverişli geopolitik mövqeyi ilə regional miqyasda və beynəlxalq müstəvidə diqqəti cəlb edən dövlətə çevrilib. Hərtərəfli inkişafa nail olmaq istəyən hər bir ölkə həlledici sahələrdə – investisiya və biznes mühitinin yaxşılaşdırılması, xarici ticarətin diversifikasiyası, insan kapitalının inkişafı, kiçik və orta müəssisələrin maliyyə resurslarına əlçatanlığı, ətraf mühitin qorunması, sənaye və texnoloji parkların qurulması və bu kimi digər mühüm strateji tədbirləri həyata keçirməyə çalışır. Son illər müxtəlif sahələrdə ciddi sosial-iqtisadi uğurlara imza atmış Azərbaycan dünyanın ən islahatçı ölkəsi kimi tanınır və bu reallığımız bir sıra beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapır.

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafına yönələn uğurlu iqtisadi siyasət nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də qeyd edilib. Azərbaycan Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hər il hazırlanan «Doing Business» reytinqinə görə dünya dövlətləri arasında biznesin aparılması sahəsində ən uğurlu nəticələrə nail olmuş ölkələrdən biri kimi tanınıb.

Ölkəmizin iqtisadi inkişaf səviyyəsi yaxın perspektivdə daha da yüksələcəkdir. İqtisadi inkişaf sürəti baxımından dünyada analoqu olmayan Azərbaycan Respublikası bir çox inkişaf parametrlərinə görə inkişaf etmiş ölkələr arasında olan fərqi azaltmaqdadır. Möhkəm iqtisadi təməl demokratik proseslərə dinamizm qazandırmış, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması üçün geniş perspektivlər açmışdır.

Qarabağın Ermənistan işğalından azad edilməsi həm də Azərbaycan iqtisadiyyatının gələcəyi baxımdan çox ciddi alternativlər yaratdı. Bu alternativlər Azərbaycanın iqtisadi gücünü artırmaqla, onun iqtisadiyyatının diversifikasiyasını gücləndirməklə, həm də regionun iqtisadi xəritəsini dəyişmək gücündədir.

Xəyalə Əliyeva,

Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi