14 May 2024
Soçi şəhərində imzalanan Bəyanat Azərbaycanın maraqlarına tam cavab verir və qalib ölkə olaraq mənafeyinə uyğundur

Soçi şəhərində imzalanan Bəyanat Azərbaycanın maraqlarına tam cavab verir və qalib ölkə olaraq mənafeyinə uyğundur

30 Noyabr 2021
Baxış: 504

Vətən müharibəsində Azərbaycanın hərb meydanında qazandığı şanlı Qələbə diplomatik müstəvidə də üstünlüyümüzü təmin edib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev güclü və məntiqli diplomatik potensialına əsaslanaraq ölkəmizin maraqlarını ləyaqətlə təmsil edir. Noyabr ayının 26-da Soçi şəhərində Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə bir daha bunun şahid olduq. Hər üç ölkə lideri tərəfindən imzalanan Bəyanat, həmçinin səslənən açıqlamalardakı fikirlər Azərbaycanın maraqlarına tam cavab verir və qalib ölkə olaraq mənafeyinə uyğundur.

İstər üçtərəfli görüşdə Rusiya Prezidenti Vladimir Putinin, ölkə Prezidenti İlham Əliyevin, Ermənistan baş naziri Nikol Paşinyanın nitqində, istərsə də görüşün sonunda imzalanan Bəyanatda bir daha 10 noyabr və 11 yanvar razılaşmalarının bütün bəndlərinin icra olunmasının, ardıcıllıqla yerinə yetirilməsinin, sərhədlərin delimitasiya və demarkasiya işlərinə başlanılması üçün birgə komissiyanın yaradılması, nəqliyyat-logistika şəbəkəsinin açılması, regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə tezliklə konkret layihələrə başlanılmasının vacibliyi kimi məsələlər xüsusi yer aldı. Başqa sözlə desək, Soçi görüşündə imzalanan Bəyanat prinsipcə 10 noyabr və 11 yanvar bəyanatlarının məntiqi davamıdır.

26 noyabr Bəyanatında Qarabağ adının keçməməsi artıq bu münaqişənin tarixə qovşduğunu bir daha göstərir. Həmçinin burada Ermənistan tərəfinin iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmur. Sülhün və sabitliyin tərəfdarı olan Azərbaycan həmişə sərhədlərin qarşılıqlı olaraq tanınmasına, delimitasiya və demarkasiya prosesinə başlanılmasına, həmçinin sülh müqaviləsinin imzalanmasına hazır olduğunu dəfələrlə ifadə edib və bu barədə bir sıra təkliflər irəli sürüb. Buna uyğun olaraq, Bəyanatda Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiyanın məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması məsələsi ölkəmizin mənafeyini əks etdirir. Əminliklə deyə bilərik ki, nəticələr çox müsbətdir və Azərbaycan qarşısına qoyduğu məqsədlərinə çatıb.

Azərbaycan uzun illər münaqişənin siyasi yolla həll olunmasına çalışdı, amma Ermənistanın işğalçı mövqeyi və danışıqlar prosesini pozan həm siyasi, həm də mütəmadi hərbi təxribatları bunun qarşısını alırdı. Növbəti hərbi təxribata cavab olaraq Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrini heç bir kənar dəstək olmadan, özü təkbaşına yerinə yetirdi. Artıq münaqişənin tarixə qovuşması ilə pararel yeni perspektivlər yaranıb. Təbii ki, uzun illər davam etmiş münaqişə bölgə ilə yanaşı, regionun da inkişafına mənfi təsir göstərib. Qalib ölkə kimi, Azərbaycanın yaratdığı sülh və təhlükəsizliyə əsaslanan yeni reallıqlar bütün region dövlətlərinin maraqlarına cavab verir. Burada ən vacib məqamlardan biri Zəngəzur dəhlizidir ki, bunun açılmasında region dövlətləri də istəklidir və həm iqtisadi, həm də siyasi əhəmiyyəti böyükdür. Dövlətimizin başçısı dəfələrlə hansı yolla olur-olsun dəhlizin açılacağını bəyan edib. Ermənistan tərəfinin yaratdığı süni əngəllərə baxmayaraq, Prezident İlham Əliyevin düşünülmüş siyasəti buna bizi bir qədər də yaxınlaşdırır. Noyabrın 16-da Ermənistanın hərbi təxribatına layiqli cavabdan sonra bu ölkəni güzəştə məcbur edəcək yeni reallıqlar yaranıb. 26 noyabr üçtərəfli görüşündə Azərbaycanın qazandığı diplomatik üstünlük bir daha göstərir ki, Zəngəzur dəhlizinin açılması o qədər də uzaqda olan məsələ deyil. Həmçinin Rusiya prezidenti Vladimir Putinin nəqliyyat dəhlizləri fikrini səsləndirməsi, eləcə də 26 noyabr Bəyanatında dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına dair bəndlər Moskva ilə Bakının maraqlarının üst-üstə düşdüyünü göstərir.

Bütövlükdə, Soçidəki üçtərəfli görüşün nəticələri Azərbaycan üçün müsbət və əhəmiyyətlidir. Yeni bəyanatda da məhz Prezident İlham Əliyevin mövqeyi və irəli sürdüyü, Rusiya Prezidentinin də dəstəklədiyi məsələlər öz əksini tapdı. Bu görüş 10 noyabr Bəyanatının imzalanmasından ötən bir ilin yekunu kimi də dəyərləndirilə bilər. Ümumilikdə Soçi görüşü Azərbaycanın diplomatik qələbəsidir. Azərbaycanın güclənən mövqeyi görüşdə imzalanan Bəyanatın müddəalarında öz əksini tapıb. Bütün bunlar göstərir ki, rəsmi Bakı Soçi görüşündə qarşısına qoyduğu bütün məqsədlərə tam nail oldu. Bu qələbədə 2021-ci il noyabrın 16-da sərhəddə erməni təxribatının qarşısının alınması və ordumuzun öz mövqelərini daha da gücləndirməsi böyük rol oynadı.

Fiqurət Qafarov,

Salyan rayon Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə