14 May 2024
Rusiya ermənilər üçün “status” istəyir - Bakıdan “15-ci bəndə” etirazlar

Rusiya ermənilər üçün “status” istəyir - Bakıdan “15-ci bəndə” etirazlar

12 Oktyabr 2022
Baxış: 353

“Hazırda Avropa İttifaqı və Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı ayrı-ayrılıqda öz konsepsiyalarını irəli sürür”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Kommersant” qəzetindəki məqalədə deyilir. Qəzet öz “məlumatlı diplomatik mənbələrinə” istinadla iddia edib ki, danışıqlar prosesində münaqişənin sülh yolu ilə həllinə iki yanaşma mövcuddur.

“Rusiyanın müqaviləsi layihəsi Ermənistanla Azərbaycan arasında mövcud olan bütün problemlərin həllini nəzərdə tutur. Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi isə uzaq perspektivə saxlanılır. Tanınmamış respublikanın gələcək statusunun müəyyən edilməsi xüsusi nümayəndə İqor Xovayevin münaqişə tərəflərinə təqdim etdiyi sazişin rus variantının 15-ci bəndində əksini tapıb. Ermənistan hakimiyyəti rus versiyasına razılıq verib. Azərbaycan isə bunu rədd edib, çünki Bakı Qarabağ problemini həll olunmuş hesab edir və Azərbaycanda status məsələsinə qayıtmaq istəmirlər”, - deyə nəşr vurğulayıb. “Kommersant” daha sonra yazıb ki, Rusiya bundan sonra müqavilə layihəsini yeniləyib: “İndi Qarabağın statusu məsələsinin sülh sənədinin özündə deyil, ona əlavə protokollarda qaldırılması təklif olunur. İrəvanın və Bakının buna necə reaksiya verdiyi hələlik məlum deyil. Avropa həll formulu isə mənbələrə görə, daha əhatəlidir və heç bir şəkildə Qarabağın statusunu nəzərdə tutmur. Brüssel Stepanakertlə (Xankəndi - red.) Bakı arasında birbaşa dialoqun qurulmasına tərəfdardır və beynəlxalq oyunçuları bu dialoqa cəlb etmək üçün bəzi mexanizmlər təklif edir. Lakin Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi və Rusiya ilə sərt qarşıdurma şəraitində bunun reallıqda necə baş verəcəyi bəlli deyil”.