09 May 2024
Qiymət artımı davam edəcək: Bu məhsullar yenə bahalaşacaq

Qiymət artımı davam edəcək: Bu məhsullar yenə bahalaşacaq

08 Fevral 2024
Baxış: 484

Ötən il bir çox ərzaq məhsulunun qiymətində 2022-ci ilə nisbətən bahalaşma müşahidə olundu. Belə ki, qiymət artımı daha çox xaricdən istehlak olunan məhsullarda özünü göstərib.

Məsələn, 2023-cü ildə günəbaxan yağının satış qiyməti 2022-ci ilə nisbətən 59 faiz bahalaşıb. Bəs görəsən bu bahalaşma tendensiyası 2024-cü ildə də davam edəcəkmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli ərzaq məhsullarındakı qiymət artımının bu il də davam edəcəyini deyib:

“2024-cü ildə ötən ilki bahalaşma davam edəcək. Bu nə xarici faktorlardan, nə də digər səbəblərdən asılı deyil. Əslində, dünyada bir çox ərzaq məhsullarının qiymətlərində ucuzlaşma gedir. Məsələn, son 1 ildə dünya bazarında bitki yağlarında ucuzlaşma müşahidə olunur. Lakin bu Azərbaycanın daxili bazarına təsir etmir. Çünki ölkəmizdə tədarüklə bağlı inhisarlaşma höküm sürür. Ona görə də bu il həm yağlarda, ət məhsullarında və bəzi digər məhsullarda bahalaşma gözləniləndir. Ola bilsin ki, yay aylarında gözlənilən bolluq bahalaşmanı nisbətən zəiflədəcək, amma bahalaşmanın dayanması mümkün deyil”.