14 May 2024
Qırmızı dəniz qana boyandı - koalisiya Yəməni bombaladı, dünya ayağa qalxdı...

Qırmızı dəniz qana boyandı - koalisiya Yəməni bombaladı, dünya ayağa qalxdı...

13 Yanvar 2024
Baxış: 403

ABŞ və Böyük Britaniya beynəlxalq qüvvələrlə gəmilərə hücumlara görə husilərə amansız zərbələr endirib, ölənlər var; Rusiya və İran münaqişəyə qarışdı, BMT TŞ çağırıldı - Yaxın Şərqdə ikinci cəbhə genişlənir

ABŞ Mərkəzi Komandanlığı və Böyük Britaniya qüvvələri Avstraliya, Kanada, Niderland və Bəhreynin dəstəyi ilə Qırmızı dənizdə beynəlxalq gəmilərə “qanunsuz və məsuliyyətsiz” hücumları dayandırmaq üçün Yəməndəki husi hədəflərinə zərbələr endirib. “Yeni Müsavat” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının yaydığı məlumatda deyilir. Qeyd edilir ki, zərbələrin hədəfi radar sistemləri, pilotsuz uçan aparatların olduğu anbarlar, ballistik və qanadlı raketlər, eləcə də onların buraxılış məntəqələri olub. Məlumata görə, Yəmənin paytaxtı Səna, eyni zamanda Hüdeyda şəhərləri bombalanıb. Bildirilib ki, ABŞ və müttəfiqləri Yəməndə 16 rayonda 60-dan çox hədəfə zərbələr endirib. Zərbələr döyüş təyyarələri və sualtı qayıqlardan və “Tomahavk” raketlərindən istifadə etməklə həyata keçirilib. ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava hücumları nəticəsində Yəməndə ən azı 5 nəfər ölüb, 6 nəfər yaralanıb. Bu barədə husi üsyançılarının hərbi sözçüsü, briqada generalı Yəhya Sari videoya çəkilmiş müraciətində bildirib. “Amerika və Britaniya düşməni Yəmən xalqımıza qarşı cinayətkar təcavüzünə görə tam məsuliyyət daşıyır və bu, cavabsız və cəzasız qalmayacaq”, - Sari deyib. O, Yəmənin husilərin nəzarəti altında olan 5 bölgəsinə ABŞ və Britaniyanın 73 zərbə endirdiyini açıqlayıb. O, bu zərbələrin hədəfləri barədə ətraflı məlumat verməyib. Husilərin Xarici İşlər Nazirliyinin rəsmisi Hüseyn əl-Ezzi “Amerika və Britaniya gəmiləri, sualtı qayıqları və döyüş təyyarələri ilə kütləvi aqressiv hücumu” həyata keçirdiyini deyib. “Amerika və Britaniya, şübhəsiz ki, ağır bədəl ödəməyə və bu açıq təcavüzün bütün dəhşətli nəticələrini çəkməyə hazırlaşsınlar”, - Əl-Ezzi əlavə edib.

“Son aylarda husilər Qırmızı dənizdə kommersiya gəmiçiliyinə qarşı bir sıra təhlükəli və sabitliyi pozan hücumlar həyata keçirib, eyni zamanda, Böyük Britaniyaya məxsus və digər beynəlxalq gəmiləri təhdid edərək, həyati əhəmiyyətli ticarət marşrutunda böyük maneələrə səbəb olublar və bu, nəticədə əmtəə qiymətlərinin artmasına səbəb olub. Onların məsuliyyətsiz hərəkətləri dənizdə insanların həyatını riskə atmağa və Yəməndə humanitar böhranı daha da dərinləşdirməyə xidmət edir”. Böyük Britaniyanın Baş naziri Rişi Sunak Britaniya və ABŞ-ın husilərə birgə zərbə endirməsi ilə bağlı bəyanatında bildirib. Baş nazir deyib ki, Britaniyanın Kral Hərbi Hava Qüvvələri Yəməndə husi üsyançılarının istifadə etdiyi hərbi obyektlərə hədəfli zərbələr endirib.

Britaniya hökumət başçısı xatırladıb ki, beynəlxalq ictimaiyyətin xəbərdarlıqlarına baxmayaraq, husilər bu həftə Qırmızı dənizdə Böyük Britaniya və ABŞ hərbi gəmilərinə qarşı hücumlar həyata keçirməyə davam ediblər. Rişi Sunak prosesin belə davam edə bilməyəcəyini və ölkəsinin hər zaman naviqasiya azadlığını və ticarətin azad axınını müdafiə edəcəyini bəyan edib: “Buna görə də biz husilərin hərbi imkanlarını zəiflətmək və qlobal gəmiçiliyi qorumaq üçün bu hücumlarla bağlı hədəflərə qarşı Niderland, Kanada və Bəhreynin qeyri-operativ dəstəyi ilə ABŞ-la birgə özünümüdafiə üçün məhdud, zəruri və mütənasib tədbirlər gördük”. Qərb mediası yazır ki, Yəməndəki husilər ABŞ və müttəfiqlərinin hava hücumlarından əvvəl öz silahlarını gizlədib. Yəmən ordusu öz raketlərini ölkənin keçmiş prezidenti Əli Abdullah Salehin Səna şəhərində tikdiyi sığınacaqlarda saxlayıb. Bildirilib ki, 16 obyektdə 60-dan çox hədəfə zərbələr endirilib. Husilərə tabe olan Yəmən Xarici İşlər Nazirliyi öz növbəsində ABŞ və Böyük Britaniyanı raket hücumuna görə qisas alacaqları ilə hədələyib. Bu barədə Yəmənin xarici işlər nazirinin müavini Hüseyn əl-Ezzi bildirib.

Bu hadisələrlə bağlı Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib. “ABŞ-ın Yəmənə zərbə endirməsi regionda vəziyyəti gərginləşdirməklə beynəlxalq hüquqa tamamilə məhəl qoymamaqdır”. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “ABŞ-ın Yəmənə aviazərbələri anqlo-saksonların dağıdıcı məqsədləri üçün regionda vəziyyəti gərginləşdirmək adına BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif etmələrinin və beynəlxalq hüquqa tam məhəl qoymamasının daha bir nümunəsidir”, - o bildirib. “ABŞ və Böyük Britaniyanın Yəmənin bir neçə şəhərinə hərbi hücumlarını kəskin şəkildə pisləyirik. Bu özbaşına hərəkət Yəmənin suverenliyi və ərazi bütövlüyünün, beynəlxalq qanun və qaydaların pozulmasıdır”. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani isə koalisiyanın əməliyyatına belə cavab verib.

“ABŞ-ın Yəmənə indiki zərbəsi Səudiyyə Ərəbistanına təhqirdir. Axı Səudiyyə Ərəbistanı uzun illərdir Yəməndə husilərə qarşı intensiv hərbi əməliyyatlar aparır və dəfələrlə ABŞ-ı husilərə zərbələrə qoşulmağa çağırıb. Vaşinqton isə həmişə bu çağırışdan imtina edib”. Politoloq Sergey Markov belə deyib. “Amma təxminən bir il əvvəl krallıq husilərlə barışıq elan etdi və daimi sülh formulu tapmaq üçün danışıqlar gedir. Lakin husilər İsrailə toxunan kimi ABŞ bir neçə həftə ərzində işə qarışdı. Beləliklə, onların regionda əsl müttəfiqinin yalnız İsrail olduğunu, hələ də ərəblərə imperialistlərin və irqçilərin təkəbbürü ilə yanaşdıqlarını göstərdilər. Ərəblərdən istifadə edirlər, dostluq etmirlər. Bu, Səudiyyə Ərəbistanı və BƏƏ-nin heç də xoşuna gəlməyəcək. Mövcud hadisə krallıqla Rusiya arasında münasibətləri daha da gücləndirəcək. Bəli, Səudiyyə Ərəbistanı husilərə zərbə endirmək üçün ABŞ hərbi təyyarələrini hava məkanını ilə təmin etdi?. Lakin ərəblər ABŞ-ın bu zərbələrini təhqiredici və son dərəcə gecikmiş zərbə kimi qəbul edir”, - o bildirib. Misavat.com