14 May 2024
“Putini zəhərləyəcəklər...” – “Onunla danışmayacaqlar”

“Putini zəhərləyəcəklər...” – “Onunla danışmayacaqlar”

14 Dekabr 2022
Baxış: 398

Tanınmış rusiyalı müxalifətçi və Prezident Boris Yeltsinin ən yaxın adamlarından biri olan Boris Nemtsov sağlığında demişdi ki, “Vladimir Putinin sonu çox pis olacaq”. Ukraynadakı işğalçılıq müharibəsi Rusiyanın məğlubiyyətinə doğru getdikcə, bu fikirdə olanların sayı durmadan artır.

AJMEDİA.İNFO xəbər verir ki, məşhur ukraynalı jurnalist Dmitri Qordona müsahibə verən Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviç Putinin öz ətrafı tərəfindən məhv ediləcəyini proqnozlaşdırıb.

Arestoviçin fikrincə, Rusiya əhalisi kütləvi şəkildə Putinə “qeyri-kafi” qiyməti verən kimi, öz ətrafı Rusiya Prezidenti üçün böyük təhlükəyə çevriləcək. Onun sözlərinə görə, Putinlə heç kim danışmayacaq, çünki artıq o, arqumentləri qəbul edəcək adekvat vəziyyətdə deyil. Buna görə də, böyük ehtimalla onu zəhərləyəcəklər: “Xalqın öz liderinə “qeyri-kafi” qiymət verdiyini anlayan kimi, Putinin ətrafında vəziyyət kardinal şəkildə dəyişəcək. Məncə, onunla danışıq olmayacaq. Onu böyük ehtimalla zəhərləyəcəklər. Axı, onunla nədən danışsınlar? Küncə sıxışdırılmış siçandır...”

Qeyd edək ki, bundan öncə rusiyalı politoloq Andrey Piontkovski də Putinin öz ətrafı tərəfindən aradan götürüləcəyi ehtimalını irəli sürmüşdü. Onun fikrincə, xüsusilə də Xersondakı məğlubiyyətdən sonra artıq Putinin ətrafında heç kim Ukraynadakı müharibədə qələbəyə inanmır.(“AzPolitika.info”)