14 May 2024
Post-Qarabağ münaqişəsi: İranın Azərbaycan və İsrailə qarşı təxribatları - Rüstəm Tağızadənin YAZISI

Post-Qarabağ münaqişəsi: İranın Azərbaycan və İsrailə qarşı təxribatları - Rüstəm Tağızadənin YAZISI

12 Oktyabr 2021
Baxış: 903

Azərbaycan ilə İran son günlərdə qarşılıqlı olaraq hərbi əməliyyatlar, İrana aid yük maşınlarının Laçın dəhlizindən Qarabağa Bakıdan icazəsiz girməsi, bunun nəticəsində İran yük maşınlarının sürücülərinin saxlanması və qarşılıqlı rəsmi açıqlamalarla yüksələlən gərginlik regionda güc mübarizəsinin yansıması olaraq yaşanır. İran siyasi dairələri Azərbaycan və Türkiyə arasında olan son dövrlər artan siyasi, hərbi birliyi özü üçün təhdid olaraq görür. Bundan başqa İranın faktlar və sübutlar olmadan rəsmi səviyyədə bəyanat verməsi İran və Azərbaycan arasında gərginliyi daha da artırdı.

İran niyə narahatdır?


İsrail ilə Azərbaycan arasında münasibətlərin inkişafı Tehranı ciddi şəkildə narahat edir. İran hökuməti əsassız olaraq iddia edir ki, Qarabağda İsrail əsgərləri var. İran Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian Rusiyalı həmkarı ilə görüşdə Azərbaycanda İsrail faktorunun güclənməsindən danışdı. Təbii ki. Rusiya da öz növbəsində İranın sərhəddə təlimlər keçirməsini region üçün təhdid olaraq qeyd etdi. Rusiya bununla İrana göstərdi ki, biz sənə əhəmiyyət vermirik. Bundan əlavə Rusiya İranın Ermənistana olan siyasi nüfuzunun artmasından narahtdır. İranın Rusiyada rəsmi görüşdə Azərbaycandan giley-güzar etməsi öz nüfuzuna ciddi zərbə vurdu. Son dövrlər İsrail ərəb ölkələri olan Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn ilə münasibətləri normallaşdırdı. İran həm də bu faktordan narahatdır. İran özünütəcrid siyasəti həyata keçirir. Bundan başqa bəzi terror qruplaşmalarını dəstəkləyir. Eyni zamanda, hibrid qarşıdurma Azərbaycana da yaxşı heç nə gətirməyəcək. Bakıda İran əhalisinin əhəmiyyətli bir hissəsinin etnik azərbaycanlılar olduğunu xatırlatmağı sevirlər. Milli hərəkat hesabına İslam respublikasında gərginlik yaratmaq mümkündür, amma bu amili də şişirtmək olmaz. Düzdür, qeyri -sabitlik yuvası yaratmaq üçün bir neçə min qaynar baş kifayətdir. Ancaq bu vəziyyətdə belə hər şey o qədər də sadə deyil. İran əhalisi nisbətən sakit həyata öyrəşib. Bütün iqtisadi problemlərlə birlikdə ən azı 30 ildir ki, burada heç bir hərbi əməliyyat olmayıb. Qeyri -sabitlik yuvası demək olar ki, yüz minlərlə qaçqına səbəb olacaq. Bu halda İran azərbaycanlıları üçün təbii yol eyni dildə danışan qonşu ölkə olacaq.


İranın İsrailin ona olan yardımını unutması:


İsrailin İrana silah satışına vasitəçilik edənlərdən biri türk əsilli biznesmen Adnan Kaşıkçı (1935-2017), digəri də iranlı yəhudi milyarder Mənuçohr Qurbanifər (1945 ) olmuşdur. 1984-cü ilin baharında o zamankı Qərbi Almaniyanın kansleri Helmut Kox ABŞ Prezidentinə İsrailin İrana 500 milyon dollarlıq silah satdığından şikayətlənmişdi. 1985-ci ildə Danimarka bayrağı altında üzən yük gəmiləri İsrailin Qırmızı dənizdəki Eilat limanından İranın Fars körfəzindəki Bəndər Abbas limanına 600-dən çox səfər etmiş və hərbi təyinatlı yüklər daşımışdır (Bax: The New York Times, 12.08.1991).

1986-cı ilin noyabr ayında Beyrutda ( Livan ) çıxan “الشراع -Əşşir'ə-Yelkən" jurnalında ABŞ və İsrailin İrana silah satdığını bildirən bir yazı beynəlxalq qalmaqala səbəb olmuşdu. O zamankı Prezident R.Reyqan 06.11.1986-cı ildə televiziya ilə çıxış edib xəbərin əsassız olduğunu söyləsə də, bir həftə sonra, 13.11.1986-cı ildə o xəbəri doğrulamışdı. Bu olay İran-Kontra qalmaqalı (Iran–Contra affair ) və ya İranqeyt (Irangate) adı ilə məşhurdur.


Politoloq Trita Parsi yazır ki, İsrailin yardımlarına baxmayaraq, İran rəsmiləri nə İraqla müharibə zamanı, nə də ondan sonrakı dövrdə İsrailin yardımını etiraf etdilər. Əksinə, onlar İsraili islam düşməni olaraq qələmə verib özlərini dünya müsəlmanlarının hamisi, islamın dayağı olaraq təqdim etməyə çalışırlar (Bax: Trita Parsi. Treacherous Alliance, Yale University Press, 2007, p. 82).


Nəticə olaraq qeyd etmək lazımdır ki, İran regionda yaranan yeni reallıqlarla barışmaq istəmir. İranın proseslərə yanaşması regionda sülhə və təhlükəsizliyə təhdiddir. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra artan gücü, Türkiyə və İsraillə olan yüksək səviyyədə əməkdaşlığı İranı qorxuya salıb. Ona görə İran Azərbaycanın sərhədi yaxınlığında hərbi təlim keçməklə əzələ nümayiş etdirir. Ancaq bu baş verənlər İranı çətin vəziyyətə salır. Daxildə baş verən narazılıqlar, ABŞ-ın İrana olan iqtisadi sanksiyaları və İranın özünü təcrid siyasəti yeritməsi onu daha da geriyə atır. İran hökumətinin Azərbaycanla münasibətlərinə yenidən baxmalıdır. İran mümkün olan siyasi kompromisə getməlidir. Bu həm də regionda sülhün, təhlükəsizliyin güclənməsinə xidmət edər.

Rüstəm Tağızadə,

politoloq

AJMEDİA.İNFO