10 May 2024
Pensiya yaşının azaldılması ilə bağlı ŞAD XƏBƏR: “Təklifimizi ƏƏSMN-nə təqdim etmişik...”

Pensiya yaşının azaldılması ilə bağlı ŞAD XƏBƏR: “Təklifimizi ƏƏSMN-nə təqdim etmişik...”

06 Mart 2023
Baxış: 314

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) qadınların pensiya yaşının azaldılaraq 63 yaş həddində müəyyənləşdirilməsi ilə bağlı təkliflə çıxış edib. Qeyd edilib ki, Azərbaycan cəmiyyətində və ailəsində qadının rolu, onun üzərinə düşən məsuliyyət nəzərə alınaraq, işləyən qadınların pensiya yaşının getdikcə artırılaraq 2027-ci il 1 iyul tarixinədək 65 yaş həddinə çatdırılması məqbul deyil.

Maraqlıdır, təklifin reallaşdırılması mümkündürmü?

AJMEDİA.İNFO xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov bəzi ölkələrdə olduğu kimi, Azərbaycanda da qadınlar və kişilər arasında pensiya yaşının fərqli ola biləcəyini deyib:

“Pensiya yaşının dəyişdirilməsi pensiya islahatlarında müzakirə edilən məsələlərdəndir. Biz də Milli Məclisin komitə iclasında xanımlar üçün pensiya yaşının 65-dən 63-ə endirilməsini təklif etmişdik. Nəzərə almaq lazımdır ki, qadınlar sosial baxımdan dəstəyə ehtiyacı olan vətəndaşlarımızdır. Xüsusilə pensiya yaşında onların sosial təminatının gücləndirilməsi daha prioritetdir. Qadınlar və kişilər arasında pensiya yaşında fərqlər bir sıra ölkələrdə də var. Odur ki, Azərbaycanda da oxşar qaydanın tətbiqi mümkün ola bilər”.

Millət vəkili təkliflə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edildiyini qeyd edib:

“Biz bu təklifi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də təqdim etmişik ki, belə olan halda maliyyə yükünün hesablanması həyata keçirilin. Maliyyə yükünə uyğun olaraq bu istiqamətdə islahatlar davam etdirilməlidir. Düşünürəm ki, bu təklifin maliyyə əsaslandırılması hazırlandıqdan sonra konkret müzakirələrin davam etdirilməsi mümkündür”.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.