14 May 2024
"Nə deyirsiz, deyin, qiymətlər qalxıb" - Millət vəkilindən nazir Samir Şərifova ETİRAZ

"Nə deyirsiz, deyin, qiymətlər qalxıb" - Millət vəkilindən nazir Samir Şərifova ETİRAZ

11 Noyabr 2021
Baxış: 770

"Ərzaq məhsullarının qiymətlərində artımlar var, kim deyirsə, artım yoxdur, bu, doğru deyil. Amma bunun qarşısını almaq da mümkün deyil”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas ərzaq məhsulları qiymətlərinin artıb-artmamasına münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, enerji, benzin bahalaşırsa, ərzaqların da bahalaşması gözləniləndir: "Ərzaq məhsullarının qiymətlərində artımlar var, Samir Şərifov demir, kim deyir desin ki artım yoxdur, bu, doğru deyil. Artımlar var, amma bu da təbiidir. Bunun qarşısını almaq mümkün deyil. İndi ətdə, çörəkdə artım yoxdur, yəqin bunu fikirləşib deyirlər ki, artım yoxdur. Amma ərzaq təkcə ətdən, çörəkdən ibarət deyil. Digər ərzaq məhsullarında artımlar var. Kartofda da var, soğanda da var, pomidorda da var, xiyarda da var, yəni hamısını bir-bir saymaq olmaz.

Deputat deyib ki, benzin bahalaşan zaman hər şey bahalaşmlıdır:

"Əgər benzin bahalaşırsa, hər şey bahalaşmalıdır. Enerji bahalaşırsa, məsələn, qaz, işıq bahalaşırsa, digər məhsullar da bahalaşmalıdır. Bunlar paraleldir. Mənim bir sözüm var, kəndli kartof əkib onu bazarda satanda, sən ona deyə bilməzsən ki, niyə bu qiymətə satırsan. Məsələn, mən 3 manata satıram, alırsansa al, almırsan xoş getdin. Yəni bu şeylər var.

Kəndli hansısa rayondan kartof gətirir, yanacağa nə qədər pul verir, yanacağın qiyməti qalxırsa, kəndli də məcburdur ki, bir az qaldırsın. Onun bizə borcu yoxdur ki, gətirib ucuz satsın. Qiymətlər artırsa, o da artırmalıdır. Buna görə xalqı qınamaz olmaz ki, niyə məhsulu gətirib baha satırsınız”.

Qeyd edək ki, Maliyyə naziri Samir Şərifov kənd təsərrüfatı və ərzaq məhsulları ilə bağlı dövlət rüsumunun artırılmasına münasibət bildirərkən ərzaq məhsullarının rüsumunda artım olmadığını deyib: "Hamıya bildirirəm ki, heç bir ərzaq məhsulunun rüsumunda bir qəpik də olsun artım yoxdur. Ərzaq məhsullarının qiymətinə təsir edəcək dövlət rüsumlarında artımı yoxdur. Bu, tamamilə əsası olmayan uydurmalardır".