15 May 2024
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifəsi yazıldı - David Seliverstov

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifəsi yazıldı - David Seliverstov

08 Noyabr 2023
Baxış: 1146

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli və güclü Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəsindən düz üç il ötür.

2020-ci il noyabr tarixində Azərbaycan xalqı üçün böyük tarixi əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi və bu gün Azərbaycanın tarixində əbədi olaraq qürurla xatırlanacaq şərəfli təqvimə çevrildi.

Vətən uğurunda savaşda Azərbaycan xalqı bütün dünyaya örnək olacaq birlik, əzmkarlıq nümayiş etdirərək, bu çətin, zamanda həm də öz dost və düşmənini tanıdı.

44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunmuşdur.

Şücaətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçib, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad olunmuşdur.

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində 2908 hərbi qulluqçusu şəhid olmuş və 6 nəfər itkin düşmüş sayılır.

Azərbaycan Ordusunun zəfər yürüşünə tab gətirməyən mənfur düşmənimiz təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.

Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir və Yevlax şəhərləri, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlar ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulmuşdur.

Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olmuş, 454 mülki vətəndaş yaralanmış, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəymiş, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilmişdir.

Nəticədə, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edib.

Zəngin dövlətçilik və hərb tarixinə malik Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazmış və özünün qalib xalq olduğunu bütün dünyaya sübut edərək, düşmən üzərində tarixi zəfər çalmışdır.

Prezident İlham Əliyev bu il oktyabrın 15-də Xankəndi, Ağdərə, Xocalı, Əsgəran və Xocavənddə üçrəngli şanlı Azərbaycan bayrağını ucaldıb.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuşanın işğaldan azad edildiyi gün – 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə hər il qeyd edilir.

Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz əbədi qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edir və bu qələbəni bizə bəxş edən, rəşadətlə şəhid olan bütün şəhidlərimizin ruhuna rəhmət diləyirəm!

Magen David Group və Ümum İsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyi olaraq Azərbaycan xalqını, müzəffə Ali Baş Komandanı "Zəfər Günü" münasibətilə təbrik edirik.

Sənə Zəfər çox yaraşır, Zəfərin Bayramın mübarək Azərbaycan!

Teqlər: Azərbaycan