15 May 2024
“May ayında toy etməmək erməni inancıdır” – QALMAQALLI AÇIQLAMA

“May ayında toy etməmək erməni inancıdır” – QALMAQALLI AÇIQLAMA

20 Aprel 2022
Baxış: 427

"Ramazan ayında toy etmək olmaz, may ayı isə boş aydır” - təəssüf ki, artıq illərdir ki, cəmiyyət olaraq bu fikri bizə aşılayıb, böyük əksəriyyətə qəbul etdiriblər.

Lakin hər iki ay üçün hansı səbəblə toy, şənlik etmək olmaz sualı ətrafında sorğu keçirsək, standart cavab ala bilməyəcəyik. Ona görə ki, bu mövzuda hərənin öz cavabı, "səbəbi” var.

Kimisi bunu dinlə, kimisi qədim adət-ənənə, kimisi də ulduzları rəhbər götürüb astrologiya ilə əlaqələndirir. Nəzərə alsaq ki, bu il aprel ayı orucluğa təsadüf edir, o zaman toy etmək istəyən bəzi gənclərin iki ay (aprel-may) bu mərasimi gecikdirməsi nəticəsi ortaya çıxır.

Görəsən, biz may ayını niyə "boş ay” kimi dəyərələndiririk? Ramazan ayında hansı səbəblə toy etmək olmaz?

AJMEDİA.İNFO xəbər verir ki, məsələnin astroloji tərəfini Sfera.az astroloq Səbuhi Rəhimlidən öyrənməyə çalışıb.

O bildirdi ki, bu qayda-qanunun astrologiya elmi ilə əlaqəsi yoxdur. S. Məmmədli may ayında toy etməməyin ermənilərdən qaynaqlandığını diqqətə çatdırdı:

"Toy etmək üçün ən çətin ay avqust ayıdır. Ona görə ki, bu ay həm çox istidir, həm də astronomik cəhətdən uğurlu deyil, quru aydır. Astrologiyaya əsasən, may ayında toy etməyin heç bir mənfi təsiri yoxdur. Hər şeyin gözəlləşən vaxtıdır, bu ay toy üçün idealdır. May ayının əsas xüsusiyyətini buğa bürcü idarə edir ki, bu bürcün də planeti Veneradır – sevgi planeti. Bu da bir yerdə olmaq, izdivac üçün uyğundur.

Bu ayda toy etməmək ermənilərdən qaynaqlanır. Əsrin əvvəlindən 24 apreli ermənilər soyqırım kimi qəbul ediblər və ona görə 40 gün yas tutublar. Buna görə də may ayı bütöv götürülərək uğursuz ay kimi təqdim edilib. Ermənilər may ayına "vay ayı” deyirlər. Bu yanlış yanaşma yalnız Azərbaycanda mövcuddur və digər ölkələrdə may ayı ilə bağlı hansısa məhdudiyyət yoxdur”.

Ramazan ayında toy və şənliklərinə keçirilməsinə münasibət bildirən Elşad Miri isə bu ay üçün toy etməyin yanlış bir əməl olmadığını deyib:

"Ramazan ayı matəm, yas ayı deyil, əksinə Quran ayıdır və Quran da ölülər yox, dirilər üçündür. Ramazanda toylar niyə olmasın ki? Toyların keçirilməsi üçün bu ayda heç bir qadağa qoyulmur”.

"Nona” studionun rəhbəri stilist-vizajist Nuranə Salmanova Ramazan ayında və mayda toy-nişanla bağlı müraciətlərin olmadığını bildirib:

"Orucluqda, may ayında toy, yaxud nişanla bağlı xanımlar müraciət etmir. Lakin hər iki ayda ad günü tədbirləri keçirilir, başqa prosedurlarla bağlı müraciətlər alırıq”.

Aprel-may ayları üçün toy və nişan mərasimlərinin keçirilməsi ilə bağlı paytaxtda yerləşən şadlıq sarayları arasında sorğu keçirdik. Sorğu əsnasında "Meridian Saray”, "Pluton Hall”, "Versal Palace”, "Mega Palace” saraylarının əməkdaşları bu aylarda toyların keçirilmədiyini bildirdirlər. Şadlıq sarayı nümayəndələrinin sözlərinə görə, hazırda toylarla bağlı sifarişlər iyun-iyul ayları üçün olur.

Göyçayda yerləşən "Bir İnci” sarayında isə aprel ayında da toy-nişan mərasimlərinin keçirildiyi bəlli oldu. Bu yaxınlarda sözügedən sarayda nişanını qeyd edən rayon sakini Aygün Süleymanova Ramazan ayında nişan mərasiminin keçirilməsinin daha da yaxşı hal olduğunu bildirib:

"Ramazan ayında nişan, toy mərasiminin olması normal haldır. Əksinə, bu ayda belə mərasimlərin olmasını daha da müsbət qiymətləndirmək olar. Biz də nişan tarixini bu səbəblə rahatlıqla seçdik, lakin mərasimdə musiqi səsləndirilmədi. Bizim nişan tədbiri etdiyimiz restoranın banket zalında da başqa şəxslər toy mərasimi keçirmişdi”.