14 May 2024
Konstruktiv əməkdaşlıq platforması

Konstruktiv əməkdaşlıq platforması

30 Noyabr 2021
Baxış: 764

Soçi görüşündə hər hansı bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyinin sənəddə öz əksini tapdığı kimi Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında qəbul edilmiş Aşqabad sənədində də Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapdı. Bu isə heç şübhəsiz ki, cənab Prezident İlham Əliyevin dəqiqliklə müəyyənləşdirilmiş uzaqgörən diplomatiyasının daha bir təsdiqidir. Belə ki, Aşqabad sənədində Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Xüsusi məqam ondan ibarətdir ki, təbrik edən ölkələrin 3-ü Qırğızıstan, Özbəkistan və Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Yəni, bu ölkələrin Ermənistanla eyni blokda təmsil olunmalarına baxmayaraq, onlar Azərbaycanı Qələbə münasibətilə təbrik edir və Azərbaycanla fərqli deyil, eyni mövqedə durduqlarını ortaya qoyurlar. Bu isə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurundan xəbər verir.

Azərbaycanın təkcə Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsindəki fəaliyyətini, həmçinin təşəbbüslərini göz önünə gətirsək, ölkəmizin bu təşkilatların inkişafındakı rolunun nə qədər böyük əhəmiyyətə malik olduğunu müəyyənləşdirə bilərik. Ulu öndər Heydər Əliyev 2002-ci ildə İstanbulda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə təşkilatın Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış etmişdi. Təşkilatın 2006-cı ildə Bakıda keçirilmiş 9-cu Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürülüb. 2021-ci ilin mart ayında isə İqtisadi Əməkdaşlıq Təşkilatının Türkiyənin sədrliyi ilə keçirilən 14-cü Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalanıb ki, bunun əsasında İƏT-in Tədqiqat Mərkəzi tezliklə Bakıda fəaliyyətə başlayacaq.

Zaman sübut edir ki, ümummilli lider Heydər Əliyevin uzaqgörənliliklə irəli sürdüyü ideyalar vaxtı gəldikcə həyata vəsiqə qazanır. Bakıda fəaliyyət göstərəcək Tədqiqat Mərkəzinin əsas məqsədi isə iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İqtisadi Əməkdaşlıq Təşkilatı və üzv ölkələrə yardım etməkdir. İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısının yekun Aşqabad Bəyannaməsində Azərbaycan xalqı və hökumətinə 30 illik işğala son qoyulması ilə bağlı ünvanlanan təbrik də, şübhəsiz ki, təsadüfi deyil. Bu, ölkəmizin beynəlxalq nüfuzuna, Azərbaycan xalqının mübarizə əzminə, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinə, diplomatik məharətinə verilən yüksək dəyər, Azərbaycan dövlətinin beynəlxalq hüququn norma və prinsiplərinə söykənən ədalətli mövqeyinin dəstəklənməsidir.

Eyni zamanda, beynəlxalq təşəbbüslərlə çıxış edən Azərbaycan son illər faktiki olaraq Avrasiyanın əsas və etibarlı nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Buna töhfə verəcək növbəti böyük bir uğurun-Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Aşqabad Bəyannaməsində yer alan ən önəmli məqamlardan biri də, üzv ölkələrə Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya yatırmaq çağırışıdır. Bu çağırış, eyni zamanda, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə yanaşı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan ölkələrin də Azərbaycan ərazilərinin yenidən qurulması prosesində fəal iştirak edəcəklərini, həyata keçirilən və keçirilməsi nəzərdə tutulan layihələrə investisiya yatıracaqlarını ifadə edir.

Nuranə Atayeva,

Salyan rayon Təzəkənd kənd ümumi orta məktəbin direktor əvəzi