15 May 2024
“Kərə yağı” adı ilə yediyimiz zəhər - istehlakçı belə aldadılır...

“Kərə yağı” adı ilə yediyimiz zəhər - istehlakçı belə aldadılır...

06 İyun 2023
Baxış: 475

Ekspert: “Kənd yağı, nehrə yağı altında satılan yağların böyük əksəriyyəti əslində marqarin qarışığı olan saxta yağlardır”

Bu günlərdə Masallı rayonunda nə az nə çox, 3 tona yaxın saxta kərə yağı, qaymaq və pendir aşkarlanıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Cənub regional qrupundan məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları 1976-cı il təvəllüdlü Zahid Sadıqovun rayonun Qızılağac kəndindəki evinin yardımçı təsərrüfat otağından mənşəyi məlum olmayan 2 ton 359 kq qarışıq yağ, 90 kq qaymaq və 126 kilo pendir məhsulları aşkarlayıb. Faktla bağlı araşdırma aparılır.

Bəllidir ki, saxta yağlar və digər keyfiyyətsiz ərzaq məhsulları təkcə Masallıda deyil, paytaxt Bakının dükan-bazarlarında da satılır. Şəkk-şübhə yox ki, ölkədə inflyasiya, bahalıq özünü daha qabarıq göstərdikcə dəllalların çevrəsi də daha modern üsullara keçəcək, “ucuz və keyfiyyətli” kərə yağları, digər “ərzaq” məhsulları təklif eləməklə alıcıları aldatmağa davam edəcəklər.

Xatırladaq ki, Azərbaycanda kərə yağı ilə bağlı tətbiq olunan standart beynəlxalq “Codex” standartı əsasında hazırlanıb və tətbiq olunur. Bu standart birbaşa istehlak üçün nəzərdə tutulmuş kərə yağına aid edilir. Standarta əsasən, kərə yağı xüsusi olaraq süddən alınmış və ya süd məhsullarından hazırlanmış, əsasən suda - yağ emulsiya tipli formaya malik yağ məhsuludur.

Onun hazırlanmasında əsas xammal süd və ya süddən alınmış məhsullar olmalıdır. Kərə yağının tərkibinə qatılmasına icazə verilən inqrediyentlər xörək duzu, təhlükəsiz laktan turşusunun başlanğıc kulturaları və ya qoxu yaradan bakteriyalar və içməli sudur. Tərkibində minimum süd yağının miqdarı - 80 faiz m/m, maksimum su miqdarı - 16 faiz m/m, maksimum qeyri-yağ tərkibli südün quru maddəsinin miqdarı - 2 faiz m/m olmalıdır.

Standarta görə, markalanma zamanı məhsulun adı “Kərə yağı” kimi qeyd edilməlidir. “Kərə yağı” adı müvafiq xüsusiyyətlərlə birlikdə 95 faizədək yağlılığa malik kərə yağları üçün istifadə edilə bilər. Milli qanunvericiliyə uyğun olaraq kərə yağının duzlu və ya duzsuz olması mümkündür.

Məlumdur ki, yağın keyfiyyətinin qorunması üçün onun qablaşdırılması və daşınmasının böyük əhəmiyyəti var. Belə ki, hazırlanmış tara əvvəlcədən doymuş duz məhlulu ilə isladılmış perqament kağızı ilə örtülməlidir. Hava boşluqlarının qalmaması üçün yağ sıx yığılmalıdır. Pərakəndə satış üçün yağ perqament, yaxud folqaya bükülərək, xırda çəkilərlə qablaşdırıla bilər. Yağ ancaq avtorefrijeratorlarda 4-5 dərəcə C-də daşınmalıdır. Spesifik qoxusu olan məhsullarla birlikdə, eləcə də sanitar-gigiyenik tələblərə cavab verməyən nəqliyyat vasitələrində yağın daşınması qadağandır. Ticarət şəbəkələrinə yağ 10 dərəcə C-dən çox olmayan temperaturda daşınmalıdır. Anbarlarda isə yağ -2+2 dərəcə C-də 10-15 gün müddətində saxlanıla bilər. Ticarət şəbəkələrində yağ adətən 8 dərəcə C və daha yüksək temperaturda saxlanılır.

Mənfi 18 dərəcə C temperaturda duzsuz yağı 12, duzlu yağı isə 7 ay saxlamaq olar. Mənfi 12 dərəcə C temperaturda isə bu göstəricilər müvafiq olaraq 9 və 6 aydır. Xırda qablarda qablaşdırılmış yağ mənfi 18 dərəcə C-də bir aydan çox olmayan müddətdə, əridilmiş yağ mənfi 8 - mənfi 3 dərəcə C temperaturda 1 ilə qədər saxlanıla bilər.

Təəssüf ki, pərakəndə ticarət şəbəkələrində bir sıra hallarda yağ bu tələblərə əməl olunmadan saxlanılır ki, bu da məhsulun keyfiyyət göstəricilərinin kəskin pisləşməsinə gətirib çıxarır. musavat.com