13 May 2024
Katolik kilsənin Bakı nümayəndəsi erməni avantürasını pisləyən müraciətə qoşulmadı

Katolik kilsənin Bakı nümayəndəsi erməni avantürasını pisləyən müraciətə qoşulmadı

08 Avqust 2023
Baxış: 639

Ötən həftəsonu Azərbaycandakı dini konfensiya rəhbərləri bəyanat yayaraq, Ümumdünya Kilsələr Şurasını ermənilərin təxribatçı təbliğatına uymamağa çağırıb. Onlar Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazisi olan Laçın-Xankəndi yolunda son günlərdə Ermənistanın süni şəkildə yaratdığı növbəti təxribatçı tamaşa - “TIR şousu” ətrafında gedən qərəzli bəyanatlara etiraz bildiriblər.

“Həqiqət ondan ibarətdir ki, Ermənistan tərəfindən ”humanitar yardım" adı ilə TIR yük maşınlarının Laçın nəzarət-buraxılış postuna yönəldilməsi öncədən düşünülmüş və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə törədilmiş anti-Azərbaycan təxribat kampaniyasının tərkib hissəsidir... TIR-ların qəsdən Azərbaycanın Laçın sərhəd postu istiqamətində problem yaratması, hadisənin “etnik təmizləmə siyasəti” və “humanitar böhran” kimi qələmə verilməsi erməni tərəfinin müntəzəm olaraq həqiqətləri təhrif etmək xislətinin növbəti təzahürüdür", - birgə bəyanatda vurğulanır.

Sənəddə həmçinin 30 illik işğal dövründə törədilmiş erməni vandallıqları, o sırada xalqımıza qarşı aparılmış etnik təmizləmə siyasəti, soyqırımı faktları bir daha yada salınır, təəssüflə qeyd olunur ki, erməni revanşistləri müxtəlif beynəlxalq təşkilatların tribunalarından ölkəmiz əleyhinə yenə iftira kampaniyaları aparır, hətta dini platformadan - xüsusilə Ümumdünya Kilsələr Şurasından öz məkrli siyasi məqsədləri üçün sui-istifadə edirlər: “Bir il ərzində Ümumdünya Kilsələr Şurasının Azərbaycan əleyhinə 3 bəyanatla çıxış etməsi ən azından ondan xəbər verir ki, bu silsilə təhdid kampaniyalarının təşkilində baş ideoloq kimi Ümumdünya Kilsələr Şurasının prezidentlərindən biri - Kilikiya erməni kilsəsinin başçısı I Aram, müəllif-icraçılardan isə - Mərkəzi Komitə sədrinin (moderator) müavini Aykazyan əsas rol oynayırlar. Bu xüsusda Ümumdünya Kilsələr Şurasının son zamanlar mütəmadi olaraq birtərəfli və qərəzli şəkildə ermənipərəst mövqedən çıxış etməsi ciddi təəssüf doğurur. Kilsə adını daşıyan təşkilatın barışdırıcı, sülhün təmin olunmasına töhfə verən və birgəyaşayışı təbliğ edən çağırışlarla çıxış etmək əvəzinə, mövcud vəziyyəti dinlərarası müstəviyə çıxararaq ”xristian təəssübkeşliyi" adı altında xristian-müsəlman qarşıdurmasına təhrik edən destruktiv mövqeyi və anti-Azərbaycan təbliğatı sülhə xidmət etmək istəyən dini təsisatın məram və məqsədinə uyğun gəlmir, həmçinin dinlərin ədalət prinsiplərinə ziddir... Bu proseslərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) regiondakı fəaliyyəti xüsusi narahatlıq doğurur. Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfensiya rəhbərləri bu Bəyanatımızla dünya ictimaiyyətini, xüsusilə Ümumdünya Kilsələr Şurasını bölgəmizdə sülhə və əmin-amanlığa maneə olan erməni təxribatçı təbliğatına uymamağa və həqiqətlərə söykənən məlumatlara diqqət yetirməyə çağırırıq".

Bəyanatı QMİ sədri, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri və Alban-udi Xristian Dini İcmasının sədri imzalayıblar.

Ancaq müraciətə Bakıdakı katolik kilsəsinin (Vatikan) nümayəndəsi qoşulmayıb. Görəsən, niyə?

Onu da qeyd edək ki, Ermənistandakı Avropa Birliyi missiyasında təmsil olunanların hamısı katolik ölkələrdir.Musavat.com