15 May 2024
İranın keçmiş Baş naziri: “Bakıda məni 2 dəfə öldürmək istədilər”

İranın keçmiş Baş naziri: “Bakıda məni 2 dəfə öldürmək istədilər”

03 Sentyabr 2021
Baxış: 365

Məhəmməd Saed Mərağeyi (1883-1973) 2 dəfə İranın Baş naziri, 8 dəfə xarici işlər naziri, 1 dəfə daxili işlər naziri, 4 dəfə səfir, 4 dəfə Senat üzvü və 1 dəfə Məclis nümayəndəsi olmuş şəxsdir. Onun 1994-cü ildə Tehranda nəşr olunmuş “Siyasi xatirələr”ində Azərbaycanla da bağlı məqamlar var.

AJMEDİA.İNFO həmin hissələri oxuculara təqdim edir:

Hicrətin 1259-cu ilində (1881-ci ildə) Marağa şəhərində anadan olmuşam və 7 il sonra Qafqaza köçmüşəm.

Atam bənna idi. Memar səviyyəsində yaxşı bir bənna.

Tiflisdə məskunlaşdıq. O günlərdə saysız-hesabsız iranlı Rusiyaya köç edirdi. Aclıq, yoxsulluq və işsizlik hökm sürürdü.

Tiflisdəki Şeyxülislam məktəbində təhsil aldım. Bu məktəbdə türk, ərəb və fars dilləri tədris olunurdu. Orada rus dilini də öyrəndim, onu bilməli idim.

Təhsilimi liseyin birinci ilinə qədər davam etdirə bildim, sonra atam naxoşladı və evə qapandı, mən də məktəblə vidalaşdım. Ancaq təhsilimi dayandırmadım, tədricən Osmanlı türkcəsini, alman və fransız dillərini öyrəndim.

Elə orada da İran Xarici İşlər Nazirliyində işə girdim. Daha sonra litvalı bir qızla evləndim və arvadım 2 qız dünyaya gətirdi. Onlardan birinin əri ingilisdir və “Daily Telegraph”ın İtaliyadakı müxbiridir, Digər qızım isə Xarici İşlər Nazirliyində işləyən Əmir Aslan Əfşarın xanımıdır.

Atamın himayəsində idik, ehtiramını saxlayır, adət-ənənələrə hörmət edirdik, gün batmadan evə qayıdır və yalnız atamın icazəsi ilə bardaş qurub otururduq.

Amma dünyamız qəfil dəyişdi. Hər şeyi təqlid etdik. Hətta bizdən daha fanatik olan yaponlar da İkinci Dünya müharibəsindən bəri ənənələrini tərk etdilər. Düşünürəm ki, davam etdirə biləcəyimiz yeganə şey – ənənələri qorumaqdır.

Ənənələri qorumasaq, bədbəxt olarıq. Hər dəfə ənənəni tərk etdikdə bədbəxt olmuşuq, Yeni düşüncələrə, yeni bidətlərə.

Biz ərəblərin məğlubu deyilik, İslama məğlubuq, inanmalıyıq ki, o zaman İslam bu gün sosializm kimi bir şey idi.

Mən bolşeviklərə qarşı idim. Bakıda məni 2 dəfə öldürmək istədilər.

Bir dəfə tənqid-təbliğ klubuna dəvət aldım. Mübahisəli müzakirələrdə bolşeviklərin (Sovet Azərbaycanının – red.) xarici işlər naziri olmuş iranlı, Ərdəbil uşağı, rövzəxan oğlu Mirzə Davud [Hüseynov] fəallıq edirdi.

Didişmə qızışanda cavab verməyə tələsdim və cavablarımın məntiqli olduğunu görüb mənə atəş açıdalar. 4 nəfər öldürüldü. Özünü itirən Mirzə Davud suflyor çuxuruna atıldı: "Gəl qaçaq!" Dedim: "Qaçmayacağam! Qaçsam, kürəyimə atəş açacaqlar, arxadan vurulmaq istəmirəm".

Bolşeviklər gələndə Mazandaranda çar Rusiyasının göndərdiyi səfiri, müxalif (ağ qvardiyaçı – red.) rusları öldürdülər, mənə də xəbər göndərdilər ki, bu axşam səni də tutacağıq.

Nəriman Nərimanov o vaxt bolşevik hökumətinin başçısı idi. Mən məktəbdə oxuyanda Nərimanov müəllimim idi, məndən 10 manat alıb dərsi evdə deyirdi. Ona "Nəriman əmi" deyirdim... O iş başıma gələndə Nərimanov Azərbaycan bolşevik hökumətinin başçısı idi, Nəriman əminin yanına gedib vəziyyəti ona danışdım, Leninə teleqram göndərdi, Lenin İranda kazakların mövcudluğunun qanunsuz olması haqqında göstəriş verdi, məəttəl qaldım.

Ruslar dost və ya düşmən olmurlar, hətta dostluqlarını izhar etsələr belə, adama düşmən kəsilirlər. Məramlarını bilirəm. Mən ruslarla heç vaxt anlaşa bilmərəm.

Stalini dəfələrlə görmüşəm. Onunla təmasımın ən vacib anı Üçtərəfli Tehran Konfransına qatılmaq üçün Tehrana gələndə olub.

Sovet səfirliyinə getdik ki, Stalinin təntənəli qəbulu üçün tədbirlər görək və eyni zamanda, Şahənşahla görüşünü təşkil edək.

İosif Stalin mənimlə çox səmimi görüşdü və qabaq-qənşər dayanaraq dedi: "Bura Əlahəzrətlə (şahı – red.) görüşmək üçün gəlmişik və ədəb bizə hökm edir ki, ziyarətini ləngitməyək və varlığından qürur duyaq".

Ümumiyyətlə, Stalin cazibədar nitqli həmsöhbət idi, onunla danışanda hər cümləni iltifatla bitirərdi və bir-iki saat ərzində iki-üç dəfə zarafat etməməsi və ya iki duzlu lətifə danışmaması nadir hallarda olardı.

Zahiri mehribanlığı, həlim görünüşü heç bir şəkildə onun daş ürəkli, polad adam olduğunu üzə vurmurdu. Onun böyük “təmizləmə” (repressiyalar – red.) kampaniyası müəllifi ola biləcəyini və ya Ramon Merkaderi Trotskini öldürmək üçün Cənubi Amerikaya göndərdiyinə, yəhudinin kəlləsini baltayla parçalamaq əmri verdiyinə heç cür inanmaq olmurdu.

Trotski bənzərsiz bir natiq idi.

Leninin insanları təşviq etmək və yönəltmək üçün sehrdən istifadə etdiyi qələtdir.

Lev Trotskinin müdafiə naziri və ya Qırmızı Ordunun qurucusu olması bir həqiqətdir. Onun Bakıya gəlişi padşahı qarşılama mərasimini xatırladırdı. O, Bakı opera teatrında keçən toplantıda çıxış etdi və uzun ömrüm boyu ikinci belə bir natiq görmədim. hətta De Qoll (Fransa prezidenti – red.) da ona çata bilməzdi.

Molotov vətənpərvər bir rus idi, amma Stalinin iradəsinə tabeydi.

Mən Bakıda idim. Bir gün xırda gözlü və nazik qaş bir gənc yanıma gəldi, otağın qapısını bağladı, vəsiqəsini göstərib mənə ÇK-nın (keçmiş KQB – red.) müavini olduğunu bildirdi. ÇK o dövrdə rusların qorxunc kəşfiyyat və təhlükəsizlik təşkilatı idi. Bakıda CK-nın rəhbəri, dostum və tanışım Mirzə Bağır (böyük ehtimalla söhbət Mir Cəfər Bağırovdan gedir – red.) idi. Amma yanıma gələn bu gənc bakılı deyildi, özünü "Beriya" kimi təqdim etdi və məndən xahiş etdi ki, Bakıda yaşayan iranlılara izah edim: əgər yeni rejimlə həmahəng olmasalar, bu, ciddi nəticələr doğuracaq və ən qısa müddətdə Bakını tərk etməli olacaqlar.

İncə dodaqları və sədəf kii sıralanan dişləri vardı, dodağını çeynəyir və dişləri arasından danışırdı. Üzündə hərəkətinin ən kiçik ifadəsi görünmürdü.

Beriyanı belə tanıdım.

Bir gün səhər bildim ki, Mirzə Bağır müavininin əmri ilə həbs edilib, 3 ay sonra isə Mirzə Bağır edam olundu.

Bir neçə il sonra, Moskvada səfir olduğum zaman, eyni adamı bir məclisdə gördüm. Saçı artıq tökülmüşdü. Mənimlə üzbəsurət dayanıb özünü təqdim etdi. İndi edam, işgəncə və deportasiya əmrlərini yerinə yetirən qəddar QPU-nun rəhbəri idi. Çox mahir və etibarlı icraçı.

Stalin məclislərdə ən çox onunla danışır və qonaqlar Beriyadan çəkinirdilər. Beriyanın adı Stalinin zülmkar əmrləri ilə sinonim idi. Qəzetdə Beriyanın edam xəbərini oxuduğum gün Stalinin kölgəsinin nə qədər ağır və əzabverici olduğunu başa düşdüm.

O, polad adamın ən sadiq tərəfdarları arasında isti güllə dadan ilk adam idi. Ancaq Beriyanın güllələnməsi ölümünə bais olduğu şəxslərin ailələrinin yarasını sağaldırmı? Bir adamın edamı 6 milyondan çox insanın öldürülməsinə kəffarəsi sayıla bilərmi?

Rusların ingilislərdən betər olduğunu düşünməyin. İnanıram ki, İranın [1941-ci lin sentyabrında] işğalı məsələsinə Çörçill qərar verib.

Əvvəlcə ruslar İranı işğal etməyə və sentyabr hadisələrinə qarşı idilər, ancaq Çörçillin təzyiqi altında ruslar İranı işğal etdilər. Bu faciəni bizim üçün məhz Çörçill yaratdı.

Çörçill, Ruzvelt və Stalin İrana gələndə mərhum [Baş nazir] Süheylinin kabinəsində xarici işlər naziri idim. ABŞ səfirliyində onlarla görüşə getdik. Çörçill dedi: "Hələ iki-üç il burdayıq, amma tezliklə gedəcəyik, düşünürəm ki, ruslar da gedəcək".

Bu, qəbuledilməz söz idi. Ayağa qalıb düz üzünə dedim: "Cənab Baş nazir! Siz düşünməməli, rusların getdiyinə əmin olmalısız".

"Bu adam kimdir?" – deyə Çörçill təəccüblə soruşdu.

İranın xarici işlər naziri olduğum söyləndikdə, o, sadəcə gülümsədi.

Bu, Çörçillə yeganə görüşüm idi.

Tərcümə: Əziz Rzazadə

İranın keçmiş Baş naziri: “Bakıda məni 2 dəfə öldürmək istədilər”
(Yenisabah.az)