15 May 2024
İran və İrəvan kapitulyasiya aktının 9-cu bəndinə qarşı hərəkətə keçib

İran və İrəvan kapitulyasiya aktının 9-cu bəndinə qarşı hərəkətə keçib

15 Noyabr 2022
Baxış: 334

Tehran-İrəvan əməkdaşlığı o həddə çatıb ki, artıq fars şovinistləri az qala hər gün “Ermənistana qarşı söz deyən qarşısında bizi görəcək”-mövqeyindən çıxış edirlər. Söhbət işğal dövründə Qarabağdakı 65 məscidi yer üzündən silən, nisbətən salamat qalanları isə donuz və inək ferması üçün yararlananları bağrına basan müsəlman dövlətindən gedir.

Daha bir ermənipərəst mövqeni nəzərinizə çatdırırıq: “Ermənistan və İran arasında əməkdaşlığın genişlənməsi Zəngəzur dəhlizi və yaxud, bizim dediyimiz kimi, Turan dəhlizinin reallaşma imkanlarını zəiflədir”. Bu sözləri beynəlxalq məsələlər üzrə iranlı ekspert kimi təqdim edilən Ehsan Mohavedian deyib (Axar.az). Ermənistanla İran arasında “hərbi və ya siyasi ittifaq” yaranması ehtimalı haqda danışan ekspert bildirib ki, Tehran İrəvanla istənilən əməkdaşlığı alqışlayır, ancaq Ermənistan müstəqil ölkədir, bu qərarı özü verməlidir. “Birgə hərbi təlimlərin keçirilməsi və İranın hərbi təcrübəsinin Ermənistana ötürülməsi Tehran üçün arzuolunan variantdır. Düşünürəm ki, biz mümkün qədər tez bir zamanda Şimal-Cənub dəhlizi proqramını tamamlamalıyıq. Təəssüf ki, İran şirkətləri bunu növbəti ilin yazına planlaşdırır. Ermənistan və İran arasında iqtisadi, hərbi və kəşfiyyat sahələrində əməkdaşlığın artması Türkiyə, Azərbaycan, İsrail və Böyük Britaniyanın Zəngəzur dəhlizi, bizim təbirimizcə desək, Turan dəhlizinin yaranması imkanlarını aşağı salır”, - o iddia edib.

İranlı ekspert erməni mediasına açıqlamasında qeyd edib ki, İrəvan və Tehran mədəni və tibbi sahədə də əlaqələri genişləndirməlidir ki, hər iki cəmiyyətdə dezinformasiyanın qarşısı alınsın: “Misal gətirim: bildiyim qədərincə, Ermənistan mediasının Tehranda filialı yoxdur. Niyə? Amma Tehranda Azərbaycan və Türkiyə ilə qarşılıqlı əlaqədə olan xəbər agentlikləri var (zəruri qeyd: belə bir agentlik yoxdur! - red.) Ermənistan mediası İran ictimaiyyəti ilə birbaşa danışmalıdır və regional hadisələr haqqında birinci əldən, aydın və doğru məlumat verməlidir. Və bu halda Türkiyə və Azərbaycanın verdiyi dezinformasiyanın, təbliğatın iranlılara heç bir təsiri olmayacaq. Bu barədə vaxtaşırı danışıram, amma nədənsə bu vacib məsələyə diqqət yetirilmir”.

“Yeni Müsavat”