01 May 2024
Havadarları Ermənistanı təxribatçı addımlar atmağa sövq edir

Havadarları Ermənistanı təxribatçı addımlar atmağa sövq edir

04 Sentyabr 2021
Baxış: 781

"Son vaxtlar istər dövlət sərhəddi, istərsə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri istiqamətindən intensivləşən erməni hərbi təxribatlarının arxasında bir sıra səbəblər dayanır"

AJMEDİA.İNFO xəbər verir ki,bunu açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Politoloq artan erməni təxribatlarının səbəbləri barədə bunları qeyd edib:

"Səbəblərdən biri odur ki, Ermənistan rəhbərliyi hələ də aktiv münaqişə fazasının olduğu görüntüsünü yaratmaqla beynəlxalq birliyi guya münaqişənin hələ də başa çatmadığı istiqamətində aldatmağa çalışır. Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın Moskvada verdiyi təxribatçı bəyanatlar da onu göstərir ki, Ermənistan 44 günlük müharibənin nəticəsində cəhənnəmə vasil olan status məsələsini qabartmaqla münaqişə vəziyyətinin qalmasında maraqlıdır. Qarabağda separatçı ünsürlərin son günlər fəallaşması da bu amillə əlaqədardır. Ümumiyyətlə, Ermənistan mərkəzi hakimiyyəti ilə Qarabağdakı terrorçuların sinxron şəkildə fəaliyyət göstərdiyi müşahidə olunmaqdadır. Görünür, 44 günlük müharibə Ermənistan üçün yetərli dərs olmayıb.

Başqa bir ehtimal xaricdəki havadarlarının Ermənistanı təxribatçı addımlar atmağa sövq etməsi ilə bağlıdır. Aydın məsələdir ki, münaqişənin başa çatması imperialist güc mərkəzlərini qane edə bilməz. Münaqişə faktorundan regionda təsir imkanları qazanmaq üçün istifadə edən bu mərkəzlər Qarabağ ətrafında qarşıdurma və ziddiyyətlərin artmasında maraqlıdırlar. Bu baxımdan, onsuzda müstəqil olmayan Ermənistan dövlətinin xaricdən gələn sifarişlər əsasında təxribatlar törətdiyini söyləyə bilərik.

Azərbaycan isə istənilən şəraitdə öz milli təhlükəsizliyini ən yüksək səviyyədə qorumaq iqtidarındadır. Ən müasir silahların Ordumuzun arsenalına daxil edilməsi prosesi davam etdirilir. Ölkəmizdə həmişə olduğu kimi möhkəm həmrəylik mövcuddur. Cənab Prezidentimizin də ifadə etdiyi kimi dəmir yumruğumuz yerindədir. Milli təhlükəsizliyimizə qarşı yönəlmiş istənilən təhdidi dərhal neytrallaşdıra bilərik". (milli.az)