14 May 2024
Fransada “Heydər Əliyev irsi - Azərbaycan - Avropa Şurası münasibətlərinə tarixi baxış” adlı konfrans keçirilib

Fransada “Heydər Əliyev irsi - Azərbaycan - Avropa Şurası münasibətlərinə tarixi baxış” adlı konfrans keçirilib

12 İyun 2023
Baxış: 427

Fransanın Strasburq şəhərində yerləşən “Sofitel” otelindəAzərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin,Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) vəAzərbaycan Fransa Məzunları Assosiasiyası (AAAF) İctimai Birliyi birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev irsi - Azərbaycan - Avropa Şurası münasibətlərinə tarixi baxış” adlı konfrans keçirilib. Qeyd edək ki, 1997-ci ildə Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökümət başçılarının Fransada keçirilən İkinci Zirvə Görüşündə iştirak üçün Strasburq şəhərinə gələn Ümummilli Lider Heydər Əliyev məhz bu oteldə bir sıra rəsmi görüşlər keçirmişdir.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açılış nitqi ilə Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva açaraq müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin dövlətin ən çətin anlarında onu tənəzzüldən xilas edərək, tərəqqi yoluna çıxardığını vurğulayıb. Səfir Azərbaycan-Fransa diplomatik əlaqələrinin qurulmasının tarixindən və Prezident İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı apardığı uğurlu siyasətdən danışıb.

Azərbaycan Respublikasının Avropa Şurasına üzvlüyünün məhz Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində mümkün olduğunu vurğulayan ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov bu yolda qətt edilmiş maneələrdən bəhs etmiş və Avropa Şurasına üzvlüyümüz vasitəsilə ölkəmizin uzun illər ərzində üzləşdiyi hərbi işğalın beynəlxalq səviyyədə qınanması və habelə ədalətsizliyin ifşa edilməsi istiqamətində əldə olunmuş nailiyyətləri xatırlatmışdır.

Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov öz çıxışında bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün uğurla yerinə yetirilməsinin şahidiyik. Xüsusilə Vətən müharibəsində qələbəmizdə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əsas rolu gənclərin oynaması ilə bu uğurlu siyasətin şahidi olduq. Bununla yanaşı, ölkəmizin hüdudlarından kənarda təhsil alan savadlı, bacarıqlı gənclərimiz də xaricdə təhsil aldıqları zaman ölkəmizin maraqlarının müdafiəsində vacib işlər görürlər.

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə heyətinin üzvü, Azərbaycan Fransa Məzunları Assosiasiyası İctimai Birliyinin sədri və Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov Azərbaycan-Fransa əlaqələrinin qurulmasının tarixindən, beynəlxaq təhsil sferasının inkişafından və gənclərimizin xaricdə təhsil zamanı birliyinin önəmindən danışıb.

Sonda çıxış edən Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının icraçı direktoru Rafael Hacıbəyli azərbaycanlı gənclərin beynəlxalq qurumlarda ölkəmizi layiqincə təmsil etməsi, qərarverici rollarda iştirakının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin əsas nəticəsi olduğundan bəhs edib. ASAP tərəfindən bu yöndə həyata keçirilən layihələrdən söhbət açan Rafael Hacıbəyli hazırda on xarici ölkədə fəaliyyət göstərən ASAP nümayəndəliklərinin gənclərin inkişafına olan müsbət təsirini, gənclərə faydalı layihələrin və nümayəndəliklərin sayının artırılacağını vurğulayıb.

Sonra rəsmi qonaqların iştirakı ilə azərbaycanlı gənclərlə Fransada təhsil, təmsilçilik, yerli icmalarla əlaqələrin qurulması, magistr, doktorantura təhsili zamanı yaranan çətinliklər və ASAP tərəfindən Fransada keçiriləcək yeni layihələrlə bağlı da müzakirələr aparılıb. Onların təhsil aldıqları zaman yaranan problemləri dinlənilib. Ölkəmizin Fransada olan səfirliyi tərəfindən və eləcə də ASAP tərəfindən onlar üçün yaradılan imkanlar diqqətə çatdırılıb.

Tədbirin bədii hissəsində isə xarici qonaqlara milli musiqimiz və mətbəximizin ləziz təamları təqdim olunub, bizi birləşdirən dəyərlərimizi, adət-ənənələrimizi nümayiş etdirmək imkanı yaradılıb. Gənclərin yemək masası arxasında şəbəkələşməkləri təmin olunub.