01 May 2024
Finlandiya koronavirusla bağlı bəzi məhdudiyyətləri aradan qaldırır

Finlandiya koronavirusla bağlı bəzi məhdudiyyətləri aradan qaldırır

05 May 2020
Baxış: 392

Finlandiya iyunun 1-dən etibarən koronavirus ilə mübarizə çərçivəsində tətbiq olunan bəzi məhdudiyyətləri aradan qaldıracaq.

AJM Finlandiya KİV-lərinə istinadla bildirir ki, məhdudiyyətlərin ləğvi restoranlar və dövlət xidmətlərinin, o cümlədən kitabxanaların, teatrların və idman qurğularının işini tədricən bərpa etməyə imkan verəcək. Bundan əlavə, ictimai toplantıların keçirilməsi ilə bağlı mövcud qaydaların yumşaldılacağı, həmçinin səyahətə qoyulmuş qadağalara yenidən baxılacağı gözlənilir.

Mayın 14-dən etibarən ölkə vətəndaşlarına vacib səfərlərə, məsələn, işlə bağlı Şengen zonası ölkələrinə getməyə icazə veriləcək.

Finlandiyanın Baş Naziri Sanna Marin son günlər ərzində koronovirus infeksiyasının yayılma səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını bildirib. “Biz hazırda Finlandiyada epidemiyanın yayılmasının qarşısını müvəffəqiyyətlə alırıq. Ona görə də artıq geniş yayılmış məhdudiyyətlərdən hibrid test, izləmə, izolyasiya və digər strateji üsullara keçə bilərik”, - deyə S. Marin mətbuat konfransında bildirib.

Məhdudiyyətlərin yumşaldılmasına baxmayaraq, koronavirusa qarşı bəzi mübarizə tədbirləri, o cümlədən yaşlı insanlara qulluq göstərən şöbələrə baş çəkməyə, habelə xarıcı ölkələrə məsləhət bilinməyən əhəmiyyətsiz səfərlərə qoyulan qadağalar hələ saxlanılacaq. Finlandiya hökuməti yenə də əvvəlki kimi insanlara məsafədən işləməyi, yaşı 70-dən yuxarı olanlara isə evdə qalmağı, digər insanlarla fiziki təmasdan maksimal dərəcədə çəkinməyi tövsiyə edir.

Mövcud əlverişli vəziyyətə baxmayaraq, Finlandiya hökuməti epidemiyanın yayılma riskinin mövcud olduğunu bəyan edib. Səhiyyə orqanlarının məlumatlarına görə, Finlandiyada koronovirus infeksiyasından 240 nəfər həyatını itirib və 5 min 327 yoluxma halı qeydə alınıb

Teqlər: Finlandiya