14 May 2024
Deputatın "süni mayalanma haramdır?" fikrinə ilahiyyatçı Elşad Miridən CAVAB: "İslamda haram olan..."

Deputatın "süni mayalanma haramdır?" fikrinə ilahiyyatçı Elşad Miridən CAVAB: "İslamda haram olan..."

15 İyun 2023
Baxış: 487

Süni mayalanma ilə uşaq dünyaya gətirmək halları artıq cəmiyyətdə geniş vüsət almaqdadır. Bir çox ailələr bu yolla övlada sahib olurlar. Məsələnin tibbi tərəfləri barədə dəfələrlə mətbuatda və efir məkanlarında danışılıb.


Bəs İslam dininin süni mayalanmaya münasibəti necədir?

AJMEDİA.İNFO-nun məlumatına görə, bu barədə Referans.az-a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, Quranda nəyin halal və haram olduğu aydın şəkildə qeyd olunub və bəzi nüanslar nəzərə alınarsa, burada ciddi bir problem yoxdur:

"Qurani-Kərimin 16 -cı surəsinin, 116-cı ayətində "dilinizə nə gəldisə, o halal və ya haramdır söyləməyin" deyilir. Yəni “Maidə surəsi" nin” 90-cı ayətində nəyin haram olduğu bəllidir. Bu gün tibbin inkişafı ilə insanlarda olan çatışmazlıqları aradan qaldırmaq üçün süni mayalanma olursa və bu cütlüyün öz hüceyrələrindən əldə edilirsə, burada heç bir problem yoxdur. İslamda qəbul edilməyən daşıyıcı analıqdır. Çünki adı daşıyıcı olsa belə uşağı dünyaya gətirən qadın onun anasıdır".

İlahiyyatçının sözlərinə görə, donor banklardan istifadə edərək övlad sahibi olmaq islam dininə görə haramdır, lakin qadın ərinin hüceyrələrindən istifadə edərsə, burada haram bir şey yoxdur: “Təbii ki, övlad hər bir ailə quran insanın arzusudur. İnsanlar dua edən zaman Allahdan saleh övlad istməlidirlər. Donor banklar var. Bu işdə bəzən onlardan istifadə olunur, amma bu düzgün deyil. İslam dininə görə bu halal sayılmır. Ancaq dediyim kimi, qadının ərinin hüceyrələrindən istifadə olunursa, din buna mənfi yanaşmır".

Qeyd edək ki, Milli Məclisin deputatı Siyavuş Novruzov iyunun 13-də parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasında çıxışı zamanı "Süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz" deyib.

Onun sözlərinə görə, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisə uzun illərdir təqdim olunub:

“Mən beş il ərzində Milli Məclisdə Dini komitənin sədri olduğum zaman imkan vermədim ki, o qanun layihəsi plenar iclasa tövsiyə olunsun. Mən məsələyə başqa mövqedən baxıram. Süni mayalanma ilə uşaq dünyaya gətirmək olmaz. Allah qismət etməyibsə, onun əleyhinə getmək olmaz. Ona görə də bu qanunu qəbul etməyin mənası yoxdur”, - deyə deputat qalmaqallı fikirlər səsləndirib.