14 May 2024
"Böyük Bacı" yenə də öz ampluasındadır

"Böyük Bacı" yenə də öz ampluasındadır

14 Aprel 2023
Baxış: 1865

Hər zaman olduğu kimi Fransa ermənipərəst mövqeyini bir daha açıq şəkildə ortaya qoyub.

Artıq tarixə qərq olan Minsk qrupunun keçmiş həmsədrlərindən biri olan Fransa tərəfsiz mövqe sərgiləməli olduğu halda daim ermənipərəst mövqeyi ilə seçilib və Azərbaycanın suveren ərazilərinə qarşı sonuncu təxribatın ardınca yenə də dərhal işğalçı və terrorçu Ermənistana hərtərəfli dəstək verib.

Ermənistanın davamlı təxribatları nəticəsində başlanmış müharibə dövründə Fransa ermənipərəst mövqeyini daha açıq şəkildə ortaya qoydu. Birtərəfli qaydada erməni işğalına dəstək göstərib bununla kifayətlənməyən Fransa prezidenti Emmanuel Makron beynəlxalq qanunların ziddinə gedərək Azərbaycana qarşı beynlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə əlindən gələn hər şeyi etdi desək yanılmarıq. Lakin Fransa özünün də səs verdiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrini heçə sayaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini görməzdən gələrək açıq şəkildə qərəzli mövqe nümayiş etdirdi. Özünü demokratyanın beşiyi adlandıran və ədalət carçısı kimi çıxış edən Fransa dünyanın ən tanınmış beynəlxalq münasibətlər ekspertlərinin şərhlərinə görə, müstəmləkəçiliyi ən sistemli şəkildə tətbiq edən ölkələr sırasında biricidir.

Fransız müstəmləkə imperiyası XIX-XX əsrlərdə dünyanın ikinci ən böyük müstəmləkə imperiyası idi. 1958-ci ildə Afrika müstəmləkələrinə müstəqillik verərək geri çəkilən Fransa özündən asılı gördüyü bu ölkələrə hələ də mədəni, iqtisadi və siyasi baxımdan nəzarət edir. Bu nəzarəti tədricən artırmağa çalışır. Afrika qitəsini qərbdən və şimaldan idarə edən Fransanın bütün Aralıq dənizini özünə məxsus görmə anlayışı ilə yanaşı, Qırmızı dənizə nəzarət edən Cibutidə də daimi bazası var.

Bütün dünyaya bəllidir ki, bəşər tarixinin ən böyük soyqırımlarından biri sayılan və 800 min insanın həlak olduğu 1994-cü il Ruanda soyqırımında Fransanın rolu danılmazdır. Fransız əsgərlərinin qətliamları şəxsən dəstəklədiyi beynəlxalq hesabatlarda öz əksini tapıb.

Fransa, Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırım üçün məsuliyyət daşıyır. Tarixi sənədlərdə də əksini tapdığı kimi, Əlcəzair soyqırımında 5 milyondan çox müsəlman əlcəzairli həyatını itirib. Onlarla Afrika ölkəsi hələ də Fransaya müstəmləkə vergisi ödəyir. Bu ölkələrin keçmişinə nəzər saldıqda, Fransaya vergi verməyən liderlərin ya çevrilişin, ya da sui-qəsdin qurbanı olduqları görünür. Son 50 ildə 26 Afrika ölkəsində ümumilikdə 67 hərbi çevriliş baş verib. Bu çevrilişlərin baş verdiyi ölkələrdən 16-sı keçmiş Fransa koloniyalarıdır. Çevrilişdən təsirlənən Afrika ölkələrinin 61 faizi də keçmiş Fransa koloniyalarıdır.

Hazırda Azərbaycana açıq düşmənçilik münasibəti sərgiləyən Fransa erməni lobbisinin ciddi təsiri altındadır. Fransa hökuməti və şəxsən prezident Makron ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə olduğu kimi bu gündə terrorçu ölkəyə siyasi, iqtisadi və hərbi dəstək verir.

Bütün bunların fonunda Fransa bir şeyi unudur. XIX əsrin ideyasını yenidən həyata keçirtmə cəhdləri Fransaya baha başa gələ bilər. Fransada Makron iqtidarı dönəmində antisemitizm, antiislamizm və bütün dini azlıqların hüquqlarının pozulması, Korsika xalqını dilindən məhrum etmək cəhdi, ardı-arası kəsilməyən nümayiş və mitinqlər Fransanın mövcud durumunu şərhsiz olaraq dünya ictimaiyyətinə nümayiş etdirir.

Fransanın qeyri-adekvat davranışları və Avropa İttifaqının Azərbaycanın razılığını almadan Ermənistana iki illik missiya göndərmək qərararı Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində də ifadə etdiyi kimi, xoşagəlməz bir hal olaraq bölgədə, təhlükəsizliyi artırmaq, əvəzinə danışıqlar formatını böyük sarsıntıya məruz qoydu.

Azərbaycan Prezidentinin proqnozlarının özünü doğrultması üçün uzun müddət gözləmək lazım olmadı. Fevralın 20-də Avropa İttifaqının növbəti missiyasının Ermənistanda fəaliyyətə başlamasından cəmi bir gün sonra erməni qüvvələri tərəfindən Ermənistan ərazisindən Ordumuzun Tovuz və Sədərək rayonlarındakı mövqeləri, rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən isə qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Kəlbəcər, Şuşa və Xocavənd istiqamətlərindəki mövqelərimiz atəşə tutuldu.

Aydındır ki, uzun müddət qınına çəkilmiş fərari erməni əsgər və silahlılarını Aİ missiyasının gəlişi cəsarətləndirib. Fransanın timsalında davranışlar fonunda artıq sirr deyil ki, mümkün sərhəd qarşıdurmasında Avropa İttifaqı qərəzli davranacaq çünki bu heyətin əsas məqsədi regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət etməkdir.

Əlbəttə, Azərbaycan Prezidentinin dediyi kimi, "bu, çox məyusedici bir məqamdır". Lakin Azərbaycan Vətən müharibəsində və sonrakı dönəm ərzində dəfələrlə nümayiş etdirib ki, bizim üçün Ermənistanı kimin dəstəkləməsinin, erməni silahlı dəstələrinin hansı ölkənin və ya missiyanın arxasında gizlənməsinin heç bir əhəmiyyəti yoxdur – yaranacaq istənilən təhlükə, təhdid dərhal aradan qaldırılacaq. Prezident İlham Əliyevin ardıcıl məqsədyönlü səyləri ilə Azərbaycan Ordusunun gücü də, imkanları da Vətən müharibəsindən sonra qat-qat artıb, Azərbaycanın özünün siyasi imkanları da bütün dünyada, o cümlədən Avropada köklü şəkildə genişlənib. Yəni, belə olan halda hər hansı təhdidi köklü sürətdə aradan qaldırmaq üçün Azərbaycana daha 44 yox, 3-4 gün kifayət edəcək. Bundan sonra da Fransanın Ermənistana hər hansı bir dəstək verməsinin heç bir nəticəsi olmayacaq. Artıq Azərbaycan öz sözünü deyib və düşmən üzərində parlaq qələbə çalıb.

Elsevər Məmmədov

araşdırmaçı jurnalist