01 May 2024
Boris Conson bazar ertəsi günü işə çıxmağı planlaşdırır

Boris Conson bazar ertəsi günü işə çıxmağı planlaşdırır

24 Aprel 2020
Baxış: 517

Böyük Britaniyanın Baş Naziri Boris Conson ölkədə koronavirus infeksiyasının yayılmasına qarşı effektiv mübarizə aparmaq üçün bazar ertəsi günü, aprelin 27-də işə çıxmağı planlaşdırır.

AZƏRTAC “Тhe Telegraph” qəzetinə istinadla xəbər verir ki, koronavirusdan müalicə olunaraq ötən həftə Londondakı xəstəxanadan buraxılan Boris Conson hazırda şəhərkənarı iqamətgahında izolyasıyadadır. Baş Nazir öz köməkçilərinə gələn həftə nazirlərlə görüşlər planlaşdırmağı tapşırıb. Nazirlər infeksiyanın yayılması tempini azaltmaq və ölkə iqtisadiyyatını iflic edən karantin tədbirlərini zəiflətmək üçün kütləvi test və diaqnostika proqramı üzərində çalışırlar.

Martın 27-də Birləşmiş Krallığın hökumət başçısı Boris Consonun koronavirusa yoluxduğu məlum olub. Həmin gündən etibarən özünü izolyasiya edən Baş Nazir aprelin 5-də xəstəxanaya yerləşdirilib. Müalicədən sonra Boris Consonun koronavirus testləri mənfi nəticələnib və o, xəstəxanadan evə buraxılıb.

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 15:50-yə olan məlumatına əsasən, dünyada 2 milyon 747 mindən çox yoluxma və 191 min 899 ölüm faktı qeydə alınıb, 757 min 427 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

Böyük Britaniyada yeni koronavirusa yoluxanların sayı 138 min nəfəri ötüb, 18 min 738 nəfər isə bu xəstəlik səbəbindən həyatını itirib.