15 May 2024
Bayram qabağı alış-veriş: «Gündəlik tələbat mallarında 15-20 faiz artım...”

Bayram qabağı alış-veriş: «Gündəlik tələbat mallarında 15-20 faiz artım...”

30 Dekabr 2023
Baxış: 441

Yeni İl qabağı insanlar müxtəlif hazırlıq işləri görür, bayram süfrəsinə tədarük görürlər.

Son illər Azərbaycanda bayram qabağı bir qayda olaraq bazarda qiymətlərin artımı müşahidə olunur.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında ölkədə inflyasiya 9,4 faiz təşkil edib.

Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə10,4 faiz bahalaşma qeydə alınıb.

Paytaxt Bakının bəzi bazarlarında bir sıra satıcılar isə alıcı qıtlığından şikayət edirlər.

Yaşıl Bazarda adının çəkilməsini istəməyən meyvə-tərəvəz satışı ilə məşğul olan şəxs məhsulların qiymətini belə sadalayır: “Mandarinin 1 kilosu 3 manatdır, “Qızıl Əhmər” alması isə 4 manatadır... Amma biz bu meyvələri özümüz də baha almışıq”, Satıcıların sözlərinə görə, bazarda adam azdır, gələnlər də çox vaxt 1-2 kilodan çox alış-veriş etmir.

Pomidoru 5, xiyarı 6-8, kartofu 1,1-1,5 manata təklif edirlər. Qoyun ətinin 1 kilosu 16-18, mal ətinin qiyməti isə 14-17 manat arasında dəyişir.

Bir çox alıcılar isə öz növbələrində qiymətlərdən narazıdır. Onlar deyir ki, bazarda məhsulların keyfiyyəti yaxşı olsa da, qiymətlər gəlirlərinə uyğun deyil.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev də Turana deyib ki, bütün bayramlar ərəfəsində Azərbaycan bazarlarında kənd təsərrüfatı məhsulların qiymətlərində müəyyən artım müşahidə olunur və bu, artıq ənənəyə çevrilib: “Bu gün də biz bunu hiss edirik və görürük ki, həqiqətən də kənddə istehsal olunan ərzaq məhsulların qiymətində artımlar var. Amma bu daha çox bayram qabağı baş verən prosesdir”.

Deputat qeyd edib ki, bunun səbəbləri müxtəlifdir: “Birinci səbəb elə məhz bayram qabağı ənənəyə çevrilmiş praktikadır. İkinci səbəb isə dünya iqtisadiyyatında gedən proseslərdir. Dünyada hələ də müxtəlif münaqişələrin davam etməsindən iqtisadi zəncirlərin bərpasında müəyyən problemlər var. Ona görə də məhsulların bir nöqtədən o biri nöqtəyə çatdırılmasında qiymətlər artımı özünü göstərir”.

M.Əfəndiyevin sözlərinə görə, Azərbaycana bir çox məhsullar idxal olunur: “ Gömrük güzəştlərinə baxmayaraq yenə də beynəlxalq bazarlardakı qiymətlər bizim bazarımıza da təsirini göstərir”.

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, ilin əvvəlindən oktyabra qədər hökumətin rəsmi rəqəmlərində inflyasiya ikirəqəmli idi: “Çünki insanların özləri də qiymət artımını əhəmiyyətli dərəcədə hiss etmişdi və ərzaq inflyasiyası pik nöqtələrdə 14 faizə çatdı. Amma birdən-birə nə baş verdisə oktyabr ayından başlayaraq inflyasiya rəqəmlərini aşağı çəkməyə başladılar və indi rəsmən elan etdilər ki, ümumi inflyasiya 10 faizdən aşağı düşüb. Amma bunun hansı parametrlərlə və necə nail olduqlarını bildirmədilər”.

İqtisadçının sözlərinə görə, əslində inflyasiyanın səviyyəsini insanların əsas gündəlik tələbat mallarına qiymət dəyişiklikləri ilə ölçürlər: “Biz gündəlik həyatda təqribən 30 adda məhsul istehlak edirik. Başqa ölkələrdə onları ayrıca hesablayırlar və buna əsasən vergi və gömrük güzəştləri tətbiq edirlər, nəticədə də qiymətləri aşağı çəkirlər. Bizdə isə belə statistika aparılmır. Aparılsa məlum olardı ki, bəzi gündəlik malların qiymətində 30-40 və hətta 50 faiz artım var”.

N.Cəfərli qeyd edib ki, Azərbaycanda son 15 ildə hər il dekabrdan aprelə qədər, (Yeni il və Novruz bayramı qabağı) ərzaq qiymətlərində artım müşahidə edilir, aprel-noyabr aylarında isə qiymət artımında müəyyən səngimə olur: “Bu il də biz eyni mənzərəni görürük. Keçən illə müqayisədə gündəlik tələbat mallarında ən azı 15-20 faizlik artım nəzərə çarpır.