14 May 2024
Azərbaycanlı biznesmenin qətlinin TƏFƏRRÜATI

Azərbaycanlı biznesmenin qətlinin TƏFƏRRÜATI

01 Avqust 2022
Baxış: 421

Ukraynada gənc azərbaycanlı iş adamı Sənan Qəniyev məişət zəminində baş vermiş münaqişə zamanı qətlə yetirilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad bildirib.

O qeyd edib ki, cinayət öncədən planlaşdırılmış şəkildə baş verməyib:

“Bu xəbər bizi çox üzdü. Sənan Qəniyev Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov vilayəti üzrə aktiv nümayəndələrindən biri olub. Eyni zamanda orada iş adamı kimi fəaliyyət göstərib. Onunla bağlı cəmiyyətdə çox pozitiv mövqe var. Hadisə məişət xarakterli münaqişə zəminində qeydə alınıb. Yəni, öncədən planlı şəkildə olmayıb. Cinayət əməlini törətməkdə təqsirli bilinən şəxs kürd əsilli Türkiyə vətəndaşı Barut Məsutdur.

Hadisə təqsirləndirilən şəxsə aid olan iaşə obyektində baş verib. Həmin məkanda onunla mərhum arasında mübahisə yaranıb. Mübahisə zəminində təqsirləndirilən şəxs əlinə keçən şiş tipli alətlə Sənan Qəniyevə xəsarət yetirib. Şiş mərhumun ayağında şah damarına dəydiyi üçün o, qanaxmadan dünyasını dəyişib. Təqsirləndirilən şəxs barədə cinayət işi başlanılıb və o, həbs olunub, hazırda təcridxanada polis nəzarətindədir. Mərhumun yaxınları ilə əlaqə saxlamışıq. Cənazənin Azərbaycana gətirilməsi üçün müvafiq işlər aparılır”.