14 May 2024
Azərbaycanda "Əxlaq Polisi" yaradılacaq? - AÇIQLAMA

Azərbaycanda "Əxlaq Polisi" yaradılacaq? - AÇIQLAMA

26 Sentyabr 2022
Baxış: 441

Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl İranda əxlaq polisi tərəfindən “hicab qaydalarına əməl etmədiyi üçün “ zorakılığa məruz qalan 22 yaşlı Məhsa Əmininin ölümü vətəndaşları ayağa qaldırıb. Etiraz əlaməti olaraq Təbriz, Tehran, İsfahan, Şirman, Kiraz və digər böyük şəhərlərdə aksiya keçirən qadınlar hicablarını yandıraraq sərt geyim qaydalarına və onu tətbiq edənlərə qarşı müqavimət göstəriblər.

Aksiyalar zamanı etirazçılar arasında da ölən və yaralananların olduğu bildirilir. Təkcə İranda deyil, bütün ölkələrdə hadisə birmənalı qarşılanmayıb. Bu günə kimi Tvitter sosial şəbəkə platformasında 30 milyondan çox şəxs #mahsa_amini və #mahsaamini həştəqlərindən istifadə edərək baş verənlərə etirazlarını bildiriblər. Qeyd edək ki, Məhsa Əminini qətlə yetirən, sözügedən əxlaq polisi guya İslam əxlaqına və "düzgün" geyim qaydalarına nəzarət edir. Bir sözlə islam, əxlaq adı altında qadınlar günahsız yerə işgəncəyə, zorakılığa məruz qalır.

Ümumilikdə, əxlaq polisinin yaradılması demokratiyaya zidd hesab olunur. Məsələn, qardaş ölkə Türkiyədə fəaliyyət göstərən “əxlaq şöbə polisi” yalnız əxlaqsız yuva və qumarxana aşkar etdikdə müdaxilə edir.

Xatırladaq ki, bir neçə il öncə Bakının mərkəzində turistlərə intim xidmət təklif edən yüngül əxlaqlı qadınlara qarşı mübarizəni gücləndirmək üçün əxlaq polisinin yaradılacağı ilə bağlı şayiələr yayılmışdı. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bu cür iddiaların əsassız olduğunu, eyni zamanda gələcəkdə belə bir qurumun yaradılmasının müzakirə mövzusu olmadığını demişdi.


AJMEDİA.İNFO xəbər verir ki, məsələ ilə bağlı Gundem.az-a açıqlama verən vəkil Elvin Məhərrəmov bildirib ki, ictimai asayişi pozan, əxlaqsızlıqla məşğul olan şəxslər qanun qarşısında cəzalandırıldığı üçün əxlaq polisinin yaradılmasına ehtiyac yoxdur:

“Hər hansı bir ölkədə əxlaq polisi adında yeni struktur bölmənin yaradılması həmin ölkənin daxili qanunvericiliyi ilə eyni zamanda daxili işlər nazirliyinin struktur bölmələrinin yaradılması haqqında əsasnamələri ilə tənzimlənir. Hazırda ölkəmizdə belə bir struktur bölmənin, belə bir ayrıca qurumun yaradılması gözlənilmir.

Daxli İşlər Nazirliyi tərəfindən dəfələrlə ictimaiyyətə bildirilib ki, heç vaxt Azərbaycanda belə bir struktur bölmə mövcud olmayıb və yaradılması haqqında heç bir layihə mövcud deyil. Azərbaycan polisi üzərinə düşən vəzifəni yerinə yetirərək ictimai təhlükəsizliyi, insanların həyat sağlamlığını, hüquqlarını qoruyur".

Hüquqşünas əxlaqsızlıqla məşğul olan şəxslərin cərimə olunduğunu da qeyd edib:

"Hər hansı bir formada əxlaqi çərçivələrdən kənar qeyri-əxlaqi hərəkətlər baş verərsə, hüquq-mühafuzə orqanları tərəfindən dərhal müdaxilə edir və onun qarşısı alınır. Bu səbəbdən yeni struktur bölmənin yaradılmasına heç bir ehtiyac duyulmur. Son olaraq isə əlavə emək istəyirəm ki, əxlaqsızlıqla məşğul olan şəxslər aşkar edildikə, İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsinə əsasən fahişəliklə məşğul olmağa görə 100 manat məbləğində cərimə olunur".