13 May 2024
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏLƏNƏCƏK

Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏLƏNƏCƏK

13 Fevral 2024
Baxış: 307

Paytaxtın müxtəlif ərazilərində divarlara “МЕФ”, “СК” , “24ks.cc” kimi psixoaktiv/narkotik maddə mefedronun, yaxud mefedron tərkibli dərmanların “ləqəbi”, narkoşəbəkənin saytının adı yazılır. Bu divarlar xüsusən də, uşaqların, yeniyetmələrin təhsil aldığı məktəblərin yaxınlığı olur.


Qanunvericiliklə bu cür təbliğat aparan adamları hansı cəzalar gözləyir?

AJMEDİA.İNFO-nun məlumatına görə, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, qadağan olunmuş şeylərin reklam edilməsinə görə cərimə tətbiq edilir:


“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinə əsasən reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə - vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir”.

Hüquqşünas qeyd edib ki, narkotik vasitələrinin istifadəsinə maraq yaradan vətəndaşları 10 ilədək həbs cəzası gözləyir:


“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 236.2.3-cü maddəsinə əsasən, narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə—bilə-bilə yetkinlik yaşına çatmayan, iki və ya daha çox şəxs barəsində törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya başqa ağır nəticələrə səbəb olduqda—yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.