15 May 2024
Azərbaycan ilə Rusiya arasındakı münasibətlər strateji müstəvidə inkişaf edir

Azərbaycan ilə Rusiya arasındakı münasibətlər strateji müstəvidə inkişaf edir

30 Noyabr 2021
Baxış: 464

Bu gün Azərbaycan-Rusiya münasibətləri strateji müstəvidə kifayət qədər müsbət tendensiya ilə inkişaf etməkdədir. 2021-ci il ərzində ölkələrimiz arasında ən müxtəlif səviyyələrdə olduqca fəal və məhsuldar dialoqlar, müzakirələr aparılıb. Məhz bu dialoqlar sayəsində ikitərəfli formatda bir çox vacib məsələlər öz həllini tapıb. ATƏT-in Minsk Qrupunun digər həmsədrlərindən fərqli olaraq Rusiya istər Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına başlanması, istər sərhədlərin delimitasiyası, istərsə də nəqliyyat dəhlizlərinin açılması kimi məsələlərdə daha fəal və təşəbbüskar mövqe sərgiləməkdədir. Məhz bütün bu amillər noyabrın 26-da üçtərəfli formatda keçirilmiş Soçi görüşünün effektivliyində əhəmiyyətli rol oynamışdır.

Dövlət rəhbərlərinin Bəyanatında da qeyd olunduğu kimi, 10 noyabr razılaşmasının icrası başda olmaqla, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasına dair 2021-ci il 11 yanvar tarixli Bəyanatı da diqqət mərkəzində saxlanıldı. Aydın oldu ki, məhz Azərbaycan ötən bir il ərzində müharibənin fəsadlarının aradan qaldırılması, kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirib. 10 noyabr Bəyanatında əks olunan məsələlər məhz Azərbaycan tərəfindən məsuliyyətlə icra edilməkdədir. Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya edilməsi, sülh danışıqlarına başlanması kimi məsələlər Soçi görüşündə müzakirə olunan əsas mövzular olmaqla, Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırılan istiqamətində atılacaq ən vacib və zəruri addımlardır.

Məlumdur ki, bu gün hələ də Ermənistan ilə Azərbaycan arasında sərhədlər delimitasiya edilməyib. Bu isə regionda sülhün və sabitliyin davamlılığını risk altına atan əsas amildir. Azərbaycan hər zaman öz mövqeyini birmənalı olaraq ortaya qoyaraq bildirib ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırdır. Ermənistan tərəfinə dəfələrlə açıq şəkildə təklif olunub ki, qarşıdurmaya son qoysun, ölkələr bir-birilərinin ərazi bütövlüyünü, suverenliyini tanısın və gələcəkdə qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində iş başlasın. Azərbaycan-Ermənistan dövlət sərhəddində baş vermiş toqquşmalar da göstərir ki, risklərə nəzarət etmək, onları minimallaşdırmaq üçün yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin müzakirəsini, o cümlədən üçtərəfli formatda müzakirəni aparmaq zəruridir. Rusiyanın vasitəçiliyi ilə keçirilən bu görüş Azərbaycan üçün, onun marağı baxımından hədsiz dərəcədə əhəmiyyətli idi. Biz bu görüşdən öz marağımızı təmin edən cavabları aldıq. Ən əsas marağımız isə, sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur dəhlizinin ən qısa zamanda fəaliyyətə başlaması və sülh sazişinin tezliklə imzalanması idi ki, Prezident İlham Əliyev ötən dövr ərzində bunları bütün müsahibələrində, görüşlərdə və qatıldığı beynəlxalq tədbirlərdə səsləndirir.

Bu mənada məhz bu məsələlər də Soçi görüşündə Azərbaycana heç bir şərt qoyulmadan Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən nəinki səsləndirildi, çox tezliklə bu məsələlərin həll olunmasının zəruri olduğu bildirildi. Diqqətçəkən məqamlardan biri bu məsələlərlə bağlı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin fikirləri sanki Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərini gücləndirməklə bərabər təsdiq etdi. Çünki bu bəyanatla Ermənistan bundan əvvəlki bəyanatlar çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl edəcəyini bir daha təsdiqlədi. Bu bəyanat bir daha göstərdi ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi həqiqətən bölgədə yeni reallıqlar formalaşdırıb və hər kəs bu reallıqları qəbul etməyə, bu reallıqlarla barışmağa məcburdur.

Vəfadar Əliyev

Salyan rayon Xələc bələdiyyəsinin sədri