15 May 2024
Avstriya hökuməti sərt karantin rejiminin tətbiqi barədə qərar qəbul edib

Avstriya hökuməti sərt karantin rejiminin tətbiqi barədə qərar qəbul edib

15 Noyabr 2020
Baxış: 1321

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Avstriya hökuməti bütün ölkə üzrə sərt karantin rejiminin tətbiqi barədə qərar qəbul edib.

AJM xəbər verir ki, federal hökumətin mətbuat konfransında Federal Kansler Sebastian Kurts yeni qaydalar barədə ictimaiyyəti məlumatlandırıb. O qeyd edib ki, son bir həftə ərzində gündəlik yoluxma hallarının 7 mindən yuxarı olması karantin qaydalarının sərtləşməsini labüd edib.

Qeyd edilib ki, noyabrın 17-dən dekabrın 6-dək yaz aylarında olduğu kimi, sərt karantin rejimi qüvvədə olacaq. İctimai-iaşə və turizm obyektləri ilə yanaşı ticarət obyektləri də (ərzaq və gündəlik tələbat məhsulları marketləri istisna olmaqla) bağlı olacaq. Yeni qaydalara görə, müştəriyə yaxın məsafəli xidmətin həyata keçirildiyi sektorlar (bərbərxana və kosmetika salonları) fəaliyyət göstərməyəcək.

Federal Kanslerin sözlərinə görə, uşaq bağçaları və orta məktəblər dərs və təlim-tərbiyə prosesi üçün bağlı olacaq, yalnız hər iki valideynin kritik infrastrukturda çalışdığı uşaqlar üçün müvafiq tədris müəssisəsində qruplar şəklində tədris təşkil olunacaq. Ölkədəki bütün tədris müəssisələri dekabrın 6-dək distant tədris prosesinə keçəcəyini bildirən S.Kurts əhalini karantin qaydalarına riayət etməyə çağırıb.

Sosial təmasları minimuma endirməyin vacibliyini qeyd edən Federal Kansler yalnız bu yolla mümkün qədər qısa zamanda yoluxma hallarının səviyyəsini aşağı salmağın təmin ediləcəyini və ölkədə Milad bayramının ona xas olan şəkildə keçirilməsinə şərait yaranacağını vurğulayıb.

Teqlər: Avstriya