08 May 2024
Avropada “yaşıl pasport” sistemi ilə əlaqədar Zirvə toplantısı Avstriyada keçiriləcək

Avropada “yaşıl pasport” sistemi ilə əlaqədar Zirvə toplantısı Avstriyada keçiriləcək

20 Mart 2021
Baxış: 1130

Avstriya Avropa ölkələri arasında koronavirusla əlaqədar “yaşıl pasport” sisteminin yaradılmasını sürətləndirmək üçün Zirvə toplantısını keçirməyə hazırlaşır.

AJM xəbər verir ki, Avstriyanın federal turizm naziri Elizabet Köstinqer Zirvə toplantısında əsasən Avropanın turizm ölkələrinin dəvət olunacağını bildirib. Zirvə toplantısında yay mövsümü üçün birgə fəaliyyət planı müzakirə ediləcək, “yaşıl pasport” sisteminin qarşılıqlı şəkildə tanınması üçün hüquqi və texniki baza ətrafında fikir mübadiləsi aparılacaq. E.Köstinqer bu istiqamətə işləri sürətləndirmək məqsədilə martın 22-də Brüsseldə Avropa Komissiyasının vitse-prezidenti Marqaritas Şinas ilə görüşəcək.

Avstriyanın turizm naziri bildirib ki, normal həyata qayıdış üçün mühüm əhəmiyyət daşıyan “yaşıl pasport“ sisteminin qüvvəyə minməsində turizm ölkələri vahid mövqedən çıxış etməlidirlər.

Avstriya tərəfi Zirvə toplantısına Almaniya, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Xorvatiya, Portuqaliya, Bolqarıstan, Malta, Kipr, Slovakiya və Danimarka nümayəndələrini dəvət edib. Bununla yanaşı Avstriya “yaşıl pasport“ sistemi ilə əlaqədar digər ölkələrlə də müzakirələrə açıq olduğunu bəyan edib.

Avropa Komissiyası “yaşıl pasport“ sisteminin iyunun 1-dən qüvvəyə minəcəyini elan edib. Həmin pasportda sahibinin koronavirusa qarşı peyvəndlənmiş olması, xəstəliyi artıq keçirdiyi və ya hazırda testdən keçmiş olması barədə məlumatlar əks olunacaq. Bu da səyahət sərbəstliyi istiqamətində mühüm addım olacaq. Avropa İttifaqı ölkələri arasında hüquqi-texniki prosedurların uzun çəkəcəyindən ehtiyat edən Avstriya artıq apreldə milli səviyyədə bu sistemi tətbiq edəcək və turizm ölkələrini də bu istiqamətdə fəallaşmağa çağırır.

Teqlər: Avropa