13 May 2024
Avropa Birliyi regiona yeni “revizor”lar göndərir - müəmmalı qərar

Avropa Birliyi regiona yeni “revizor”lar göndərir - müəmmalı qərar

23 İyun 2023
Baxış: 430

Brüssel Azərbaycanla münasibətlərə xələl gətirəcək addımlara gedəcəkmi?; emissarların Azərbaycan ərazisinə də soxulmaq cəhdləri sezilir

Avropa Birliyinin (AB) Ermənistandakı mülki missiyasının şəxsi heyətinin sayının 23 nəfər artırılması planlaşdırılır. Artıq vakansiyalar elan olunub. “Yeni Müsavat” bildirir ki, bu barədə AB-nin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Məlumata görə, missiyanın yeni üzvlərinin Dərələyəzin İstisu (Cermuk), Keşişkənd (Yeqnadzor), Karvansaray (İcevan), Qafan və Martuni rayonunda fəaliyyət göstərməsi nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycanın keçmiş Dağlıq Qarabağ bölgəsindəki keçmiş Martuni, indiki Xocavənd rayonundan söhbət getmir. Martuni Qərbi Azərbaycanda, Göyçə vilayətində yer adıdır və erməniləşdirilmiş Azərbaycan ərazisidir.

Xatırladaq ki, AB-nin missiyası bu ilin aprel ayından Ermənistanda fəaliyyətə başlayıb. Hazırda şəxsi heyətin elan edilən rəsmi sayı 100 nəfərdir. Missiyanın Azərbaycanla həmsərdhəd bölgələri az qala üzük qaşı kimi mühasirəyə almaq cəhdi təbii ki, birmənalı qarşılana bilməz. Avropa İttifaqının müşahidə missiyasının hər iki ölkəyə göndərilməsi barədə təşəbbüs qaldırarkən Azərbaycan buna etiraz etmişdi. O zaman Ermənistan israrla öz ərazisində Avropa çinovniklərinin yerləşdirilməsinə cəhd göstərdi və əvvəlcə iki aylıq Ermənistana gələn heyətin sonradan iki illik burada qalması, həmçinin sayının artırılması rəsmiləşdirildi. Bu, Ermənistanın özünüxilas düsturu kimi düşünülmüşdüsə də, Avropa İttifaqı və digər Qərb çevrələri də bölgəyə soxulmaq fürsəti əldə etmiş oldular. İyunun 21-də Avropa İttifaqının Ermənistandakı missiyasının Zəngəzur aeroportunda toplaşması və Laçın postuna yaxın ərazidə müşahidə məntəqəsi qurmaq barədə anlaşmanın anonsunu vermələri də sağlam niyyətdən xəbər vermir.

Ermənistan Naxçıvanla sərhəddə ABŞ-ın metallurgiya zavodu tikməsinə, Qafanda əvvəlcə İran, indi isə Rusiya konsulluqlarının açılmasına yaşıl işıq yandırıb. Növbəti qərar Avropa İttifaqı müşahidəçiləri ilə bağlıdır və onlar Laçın sərhəd qapımızadək gəlirlər. Burada sağlam niyyət ola bilməz. Həmçinin hələ sərhədlərin delimitasiya və demarkasiyası barədə anlaşma yoxdur. Növbəti üçtərəfli görüş gələn həftə ABŞ-da olacaq. Amma baş nazir Nikol Paşinyan 22 iyunda növbəti dəfə Azərbaycana ünvanlı iftiralar səsləndirib. Beləliklə, ABŞ-ın metallurgiya zavodu üzərində qaldırılan Amerika bayrağının, həmçinin digər sərhədlərdəki Avropa Birliyi bayrağının kölgəsində gizlənməklə proseslərdən uduşlu çıxmağa çalışır.

Düzdür, erməni cəmiyyəti də Aİ missiyasından narazıdır. Onlar deyirlər ki, Ermənistanın təhlükəsizliyinin təmin edilməsi adı altında Aİ regionda möhkəmlənir, üstəlik, kəşfiyyat məlumatları toplayır, habelə missiyanın vəziyyətlə bağlı Bakını məlumatlandırması xəbərindən də ciddi narazıdırlar. Erməni müxalifəti isə Aİ ilə Ermənistan arasında hələ də heç bir hüquqi baza, İrəvanla ikitərəfli razılaşma olmadığı faktını da qabardır. Zod və Dığ istiqamətində toqquşmalar baş verərkən Aİ missiyasının aradan çıxması faktı da erməniləri qəzəbləndirib.

AB-nin müşahidəçi missiyası ilə Azərbaycan arasında bu istiqamətdə açar fiqur Aİ-nin region üzrə xüsusi nümayəndəsi Toivo Klaardır. Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritter də bu yaxınlarda verdiyi müsahibəsində bunu təsdiqləmişdi. M.Ritter deyib ki, sərhəd bölgəsində patrul aparmaqla bağlı planları haqda bir həftə öncə Bakıya məlumat verirlər. “Bu məlumatlar Aİ-nin region üzrə xüsusi nümayəndəsi Toivo Klaar vasitəsilə ötürülür. Məqsəd anlaşılmazlığın və xoşagəlməz hadisələrin qarşısını almaqdır. Bizim Azərbaycanla ünsiyyətimiz bu cür qurulur”, - missiyanın rəhbəri deyib.

Maraqlıdır ki, Klaar bugünlərdə Bakıda olub və danışıqlar aparıb. Məlumdur ki, Prezident İlham Əliyev Toivo Klaar vasitəsilə missiyanın Ermənistanın şimalındakı Azərbaycan anklavlarına səfər etməsi xahişini çatdırıb. Toivo Klaara da deyib ki, bu kəndlər delimitasiya-demarkasiya prosesinin bir hissəsidir. “Esklavlar hər iki tərəflə müzakirə olunub və onların sərhəd danışıqlarında potensial problemə çevrilə biləcəyi üçün missiyanın oraya səfəri vacib hesab olunub”, - Klaar qeyd edib. Amma indi AB missiyası gözlənilmədən dəqiqləşdirilməyən, şərti sərhədlər boyunca bir missiya üçün vakant yer elan etməsi maraq doğurur, həmçinin narahatlıqları artırır. Bəs Kərki kəndi, yaxud Qazağın kəndləri? Bu məsələlər Bakı ilə razılaşdırılıbmi? Eyni zamanda AB-nin Azərbaycan ərazisinə missiya göndərməsi istiqamətində də iştahlı açıqlama və çağırışlar vaxtaşırı ortaya çıxır. Ermənistan hər vəchlə buna nail olmağa çalışır. Eyni zamanda separatçılarla birbaşa əlaqəsi kəsilən avropalı emissarlar da çox canfəşanlıq edirlər. musavat.com