01 May 2024
Yaponiya və ABŞ-ın müdafiə nazirləri KXDR ətrafında vəziyyəti müzakirə ediblər

Yaponiya və ABŞ-ın müdafiə nazirləri KXDR ətrafında vəziyyəti müzakirə ediblər

14 Noyabr 2020
Baxış: 1380

Yaponiyanın müdafiə naziri Nobuo Kişidanın ABŞ-ın müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Kristofer Millerlə telefon danışığı zamanı tərəflər Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə əlaqədar vəziyyəti müzakirə ediblər.

AJM xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yayılan məlumatda bildirilir.

“Noyabrın 14-də F.Kişida və K.Miller arasında baş tutan telefon danışığı zamanı tərəflər KXDR, Cənubi Çin və Şərqi Çin dənizlərində baş verənlər daxil olmaqla, Hind-Sakit okean regionunda ümumi vəziyyətlə əlaqədar fikir mübadiləsi aparıblar. Tərəflər regionda sülhün və sabitliyin qorunması üçün sıx əməkdaşlıq edəcəklərini təsdiqləyiblər”, - deyə məlumatda bildirilir.

Kyodo agentliyinin məlumatına görə, tərəflər, həmçinin ABŞ-Yaponiya təhlükəsizlik müqaviləsinin Tokio ilə Çin arasında mübahisəyə səbəb olan Senkakau adalarına şamil olunduğunu da bəyan ediblər.

Xatırladaq ki, ABŞ ilə Yaponiya arasında təhlükəsizlik barədə müqavilə 1960-cı ildə imzalanıb. Sənədin 5-ci maddəsinə görə, tərəflərdən hər biri müttəfiqinə qarşı istənilən hərbi təcavüzü özünün milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir və bu zaman ölkəsinin Konstitusiyasına müvafiq olaraq lazımi addımları atmaq səlahiyyətindədir.

Qeyd edək ki, Yaponiya ilə Çin arasında Şərqi Çin dənizində yerləşən Senkaku adalarına görə ərazi mübahisəsi 2012-ci ilin sentyabrında, Tokio bu ərazini onun fərdi sahibindən satın aldıqdan sonra gərginləşib.