15 May 2024
Tarif Şurasının son qərarı NARAZILIQ YARATDI: “Qiymətlərə yenidən baxılacaq”

Tarif Şurasının son qərarı NARAZILIQ YARATDI: “Qiymətlərə yenidən baxılacaq”

18 Oktyabr 2023
Baxış: 454

“Tarif Şurasının Bakı-Quba-Rusiya yeni avtomobil yolu üçün müəyyən etdiyi gediş tarifləri yüksəkdir”.

AJMEDİA.İNFO bildirir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, yəqin ki, bir müddətdən sonra qiymətlərə yenidən baxılacaq:

“Tarifin müəyyən edilməsi üçün nə qədər amillər təhlil olunsa da, ən böyük amil haqqında dəqiq məlumat yoxdur. Bu, tələb amilidir. Bunu isə heç bir müşahidə və ya təhlilərlə dəqiq hesablamaq mümkün deyil. Bu, yoldan istifadə edənlərin real sayı əsasında müəyyən olunacaq. Bundan sonra qiymətlərin endirilməsi və ya daha da artırılması məsələsi gündəmə gələcək. Əgər sürücülər qiymətdən narazı qalsalar, istifadə edənlərin sayı azalacaq. Bu isə gəlirlərə ciddi təsir edəcək”.

Ekspert bildirib ki, yola çəkilmiş xərcləri çıxarmaq üçün qiymətlərin tədricən endirilməsinə ehtiyac yaranacaq:

“Tarif Şurası tarazılıq nöqtəsini tapmalıdır. Bunun üçün isə tədrici yaxınlaşma daha effektiv və itkisiz olur. Vay o günə ki, avtomobil axını çox ola, o zaman qiymətlərə yenə baxılması və qiymətlərin qaldırılması ehtimalı çoxdur. Çünki onsuz da “yolun müştərisi” boldur. Təbii ki, bu zaman qiymətin qaldırılmasının səbəbi kimi tələbin çox olması göstərilməyəcək. Bu, sürücülər tərəfindən birmənalı qarşılanmaz. Bu zaman tariflərin qaldırılması üçün ən çox istifadə edilən metoddan istifadə edilməsi daha ağılabatandır. Bu, “xərclərimiz çoxdur” adlı məşhur metoddur.

Odur ki, əgər bu yolun da istifadəsinə görə qiymətlər artırılarsa, bunun səbəbinin yol-tikinti xərclərin, o cümlədən yolun keyfiyyətli saxlanılması xərclərinin çox olması ilə əlaqələndiriləcəyi daha realdır. Bütün hallarda bu yoldan istifadəyə dair qiymətlərin uzun müddətli dövr ərzində bu gün təyin edildiyi kimi qalacağını gözləmirəm. Tariflərə yenidən baxılması ehtimalı çox yüksəkdir”.