18 Aprel 2024
Sərhədimizdə təyyarə uçuran İranın cavabı...

Sərhədimizdə təyyarə uçuran İranın cavabı...

13 Mart 2023
Baxış: 435

İranın hərbi təyyarəsi respublika ərazisində olub, uçuş Azərbaycan sərhədindən lazımi məsafədə həyata keçirilib, rəsmi Tehran Bakının bu addımını xoş niyyət hesab edə bilməz.

AJMEDİA.İMFO xəbər verir ki, bunu İran XİN-in sözçüsü Nasir Kənani Tehranın Azərbaycandakı səfirinin XİN-ə çağırılmasını şərh edərkən deyib.

“Belə uçuşlar vaxtaşırı İranın sərhədyanı rayonlarında və İran ərazisində monitorinqlər çərçivəsində həyata keçirilir. Radarlarla qeydə alınan pozuntular və ya hər hansı nasazlıqlar zamanı radio vasitəsilə xəbərdarlıqlar alınır. Bu uçuşla bağlı heç bir xəbərdarlıq olmayıb”, - o bildirib.

Kənani qeyd edib ki, müəyyən edilmiş qaydalara əsasən, bu cür məsələləri ixtisaslaşmış strukturlar həll edir, lakin Bakı bunu etməyib:

“Azərbaycanla müdafiə sahəsində əlaqələrimiz var, səfirliyimiz fəal işləyir, orada hərbi attaşemiz fəaliyyət göstərir. Əgər bu, xoş niyyətə əsaslansaydı, o zaman İran səfirliyinə və hərbi attaşemizə sualla müraciət etmək olardı. Fikir mübadiləsi aparılar və anlaşılmazlıq aradan qaldırılardı. Azərbaycan hökumətinin səfiri çağırmasını xoş niyyətli hərəkət kimi qiymətləndirə bilmərik. Tehran Bakı ilə konstruktiv qarşılıqlı fəaliyyətə ümid edir. Biz bu kimi məsələlərin ixtisaslaşmış strukturlar çərçivəsində qaldırılacağını və həllini gözləyirik. Mübahisəli məsələlərin mətbuatda və tribunalardan səsləndirilməsi onların həllinə kömək etmir və xoşməramlılıq əlaməti deyil”.

Qeyd edək ki, 11 mart 2023-cü il tarixində İrana məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. axar.az