Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
2 saat əvvəlProfessor Adil Qeybulla Tofiq Yaqublunun səhhətindən danışdı: "Vəziyyət son dərəcə..."
08 May 2025 11:19 | Baxış sayı: 116
Tanınmış həkim, professor Adil Qeybulla 37 gündür həbsxanada aclıq aksiyası keçirən Tofiq Yaqublunun səhhətindən və mümkün risklərdən danışıb.
AJMEDİA.İNFO A.Qeybullanın açıqlamasının mətnini təqdim edir:
"Tofiq Yaqublunun aclıq aksiyası ilk öncədən aclığın heç bir təsnifatına (absolyut və nisbi, tam və natamam) uyğun olmayıb bir başa ölüm aclığı, suisid kimi dəyərləndirilməlidir. Nəzərə alsaq ki, Azərbaycanın içməli suları mineral tərkibinə görə beynəlxalq standartlardan xeyli geri qalır, yalnız bu suyun qəbulu ilə artıq 40 günə yaxınlaşan total aclıq prosesinin yaşlı bir orqanizm üçün nə demək olduğunu təsəvvür etmək çətin deyildir.
Hal-hazırda onun bədənində autofaqiya (orqanizmin özü-özünü yeməsi) vüsət almağa başlayıb. Bu isə nəinki somatik (cismani) təsir göstərib (aşırı çəki itkisi, son dərəcə zəiflik və halsızlıq, əzələ adinamiyasına bağlı hərəkət məhdudiyyəti), onun ruhsal durumuna və davranışlarında da öz əksini tapıb: Apatiya ilə növbələşən əsəbilik, davranış üzərində adekvat nəzarətin itməsi, aqressiya, görmə-eşitmə qarabasmaları bunun birbaşa sübutudur. Onun öz vəkillərinə «mən artıq ölümün sədalarını eşidirəm» - deməsi heç də təsadüfi deyildir. 06 mayda Appelyasiya Məhkəməsinin giriş iclasında Tofiq Yaqublunun hərəkətləri çoxlarında onun hələ tam üzülmədiyi qənaətini yaratsa da, əslində bu davranışlar qeyd etdiyim ruhsal və koqnitiv deviasiyaların əlamətləri idi.
Aclıq zamanı orqanizmdəki üzülmə, kaxeksiya sonda elə səviyyəyə çatır ki, immun sistemin resursları ciddi şəkildə tükənir, nəticədə hər hansı opportunist (fürsətcil) infeksiyanın alovlanmasından ölüm baş verə bilər. Yaxud interkurrent patoloji durumlar (təsadüfən qoşulan xəstəliklər) ölüm riski yarada bilər. Tofiq Yaqublu komorbid xəstədir, yəni o, bir sıra yanaşı xəstəliklərdən əziyyət çəkir. Onlardan biri bronxial astma xəstəliyidir. Bunu nəzərə alsaq, təsadüfi kəskin respirator infeksiyalardan birinin (məs., qrip) onun gedişini ağırlaşdıraraq fatal nəticəyə səbəb ola bilər. D.B. Frenk zamanında öz tədqiqatları ilə belə qənaətə gəlmişdi ki, aclıq zamanı ruhsal dəyişikliklərin müalicəvi bərpası uzun dövr tələb etməklə yanaşı həm də qalıcı xarakter daşıyır!
Vəziyyət son dərəcə kritikdir. Əgər Tofiq Yaqublu bu gün aclığı dayandırıb müalicəyə başlasa belə, təəssüflə qeyd etməliyəm ki, onun orqanizminin cismani və ruhsal bərpasının sonucu haqda fikir yürütmək müəmma olaraq qalır.
Ümid sonda ölür, - deyirlər. Çünki ümid özünüqoruma instinktinin enerji mənbəyidir, onu sönməyə qoymur. Ən çarəsiz situasiyalarda belə insanları ümid yaşadır.
Ümid isə yaranmış çarəsiz situasiyada yalnız dövlətimizin, şəxsən Prezident İlham Əliyevin mərhəmətinə və humanizminə yönəlib".