02 May 2024
Sergey Şoyqunun “xəncər mesajı” - “Ermənistan ordusunu bərpa etmək üçün...”

Sergey Şoyqunun “xəncər mesajı” - “Ermənistan ordusunu bərpa etmək üçün...”

12 Avqust 2021
Baxış: 595

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Arşak Karapetyana xəncər hədiyyə edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hədiyyə Şoyqu-Karapetyan görüşünün sonunda təqdim edilib.

"Ermənistan Müdafiə naziri Arşak Karapetyanla görüşün sonunda, hədiyyələrin təqdimetmə mərasimində Rusiya Müdafiə naziri Sergey Şoyqu ona xəncər hədiyyə edərək deyib: "Hesab edə bilərik ki, artıq Ermənistana silah tədarükü başladı”, - deyə məlumatda bildirilir.

Bu olay Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılmasının təmin olunmaması barədə bəyanatı ilə eyni günə təsadüf edir. Kifayət qədər sərt tonda verilmiş həmin bəyanatda Ermənistana xəbərdarlıqla yanaşı, Rusiyadan da konkret tələb də var idi: "Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır”.

Ermənistanın hərbi rəhbərliyinin avantürist bəyanatları və əmrləri nəticəsində Bakı ilə İrəvan arasında gərginliyin yenidən artması fonunda bölgədə sülhməramlı missiyasını yerinə yetirməli olan Rusiyanın "müharibə bəyanatları” verən bir ölkəyə silah tədarükünə başlaması əlbəttə ki, narahatlıq doğurmaya bilməz. Doğrudur, Rusiya zaman-zaman Ermənistanı silahla təchiz edib. Amma İrəvanın bölgəni yenidən müharibə ocağına çevirmək istədiyi vaxtda nümayişkəranə şəkildə belə bir addımın atılması əlbəttə ki, Bakını düşündürməlidir.

Keçmiş Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, Rusiyanın addımları bölgəni nəzarətdə saxlamağa hesablanıb.
"Rusiya zaman-zaman Ermənistanı silahla təchiz edib. Bu da təbii ki, onun bölgədəki maraqları ilə bağlıdır. İndiki vaxtda da Ermənistanın silahlandırılması sadəcə münaqişəni idarə etmək, tərəfləri təsir altında saxlamaq məqsədi güdür. Yəni, Rusiya əvvəlki siyasətini yenə davam etdirir. Amma bir şeyi bilmək lazımdır ki, 44 günlük müharibədən sonra Ermənistan ordusu demək olar yoxdur. Bu məfhum artıq reallıqdan uzaqdır. Ermənistan ordusunu dirçəltmək üçün azı 5-10 il vaxt lazımdır”, - deyə Tofiq Zülfüqarlı vurğlayıb.

Politoloqun fikrincə, Ermənistan sadəcə bu yardımlardan istifadə etməklə bölgəyə xarici qüvvələri cəlb etmək, onların arxasında gizlənərək mərkli siyasətlərini davam etdirmək istəyirlər.