01 May 2024
Özbəkistanın Turan kitabxanası və Şuşa kitabxanası əməkdaşlıq edəcək

Özbəkistanın Turan kitabxanası və Şuşa kitabxanası əməkdaşlıq edəcək

06 Dekabr 2021
Baxış: 486

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın tarixi Turan kitabxanası ilə Azərbaycanın Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

AJMEDİA.İNFO xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, layihəyə Azərbaycan və Özbəkistanın mədəniyyət nazirlikləri müvafiq dəstək göstərib.

Bununla əlaqədar Daşkənddəki Turan kitabxanasında mərasim keçirilmişdir. İştirakçılar ilk öncə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Turan kitabxanasında yaradılmış Qarabağ guşəsini ziyarət etmiş və guşəyə Azərbaycan mədəniyyətinə dair hədiyyələr etmişlər.

Daha sonra tədbir Turan kitabxanasının oxu zalında davam etmişdir. Kitabxananın direktoru Dildora Abduazizova Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq nəticəsində çoxsaylı birgə layihələrin həyata keçirildiyini qeyd edib. O, Şuşa şəhərinin qədim tarixi, Azərbaycan mədəniyyətinin beşiyi olaraq zəngin ənənələrə malik olduğunu və Şuşanın mərkəzi kitabxanası ilə əməkdaşlığın onlar üçün əhəmiyyətli olduğunu qeyd edib.

Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli iki ölkə arasında mədəni əlaqələrin inkişafı, Türk dünyası arasında əməkdaşlığın genişləndirilməsi haqqında danışaraq, elm, mədəniyyət, təhsil ocağı olan kitabxanalarımız arasında bu cür sənədlərin imzalanmasının xüsusi əhəmiyyətini qeyd edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dövlətlərimiz arasında dostluq və əməkdaşlıqdan danışaraq, Şuşanın Prezident İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin paytaxtı elan olunduğunu, 30 ilə yaxın Ermənistan tərəfindən işğal olunan şəhərin və bütövlükdə torpaqlarımızın işğaldan azad olunmasını tarixi hadisə və ədalətin bərpası olduğunu vurğulayaraq, imzalanacaq Memorandumun əməkdaşlıqda yeni imkanlar açağcağını qeyd edib.

Digər çıxışçılar Özbəkistan Ali Məclisinin deputatı Gulbahar Saidqaniyeya, Özbəkistan Yazıçılar İttifaqının katibi Qayrat Məcid Azərbaycanı bir daha Vətən torpaqlarının işğaldan azad olunması və qələbə münasibəti ilə təbrik edərək, tarixi dostluğumuz, iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Daha sonra Özbəkistanın Turan kitabxanası ilə Azərbaycanın Şuşa rayon Mərkəzləşdirilmiş kitabxana sistemi arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumu Özbəkistan tərəfindən Turan kitabxanasının direktoru Dildora Abduazizova Azərbaycanın Şuşa rayon MKS-i adından Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli imzalayıb.

Memorandumda iki kitabxana arasında münasibətlərin genişləndirilməsi, daha da inkişaf etdirilməsi, elm, təhsil və ədəbiyyat sahəsində maraq doğuran informasiyaların mübadiləsi, hər iki ölkənin tanınmış tarixi şəxsiyyətlərinin, mədəniyyət-sənət nümayəndələrinin qarşılıqlı yubileylərinin, yaradıcılıq gecələrinin təşkili, xalqların zəngin tarixi, mədəniyyəti, adət və ənənələri mövzusunda beynəlxalq tədbirlərin, konfransların keçirilməsi, kitabxana-informasiya sahəsinin aktual problemləri, kitabxanaların avtomatlaşdırılması məsələləri ilə əlaqədar təcrübə mübadiləsi və əməkdaşlığın həyata keçirilməsi, virtual sərgilərin təşkili, birgə konfrans, seminar, təqdimat, sərgi və müzakirələrin reallaşdırılması və s. istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.
Mərasimin sonunda Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Qızıl körpü” adlı sənədli film nümayiş etdirilmişdir.

Film Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanıb və filmdə Azərbaycan-Özbəkistan dostluğu, xalqlarımızın yaxınlığı, strateji əməkdaşlıq və bu istiqamətdə həyata keçirilən işlər, layihələr öz əksini tapıb.

Mərasim Özbəkistanda keçirilən Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və sənət günləri çərçivəsində keçirilib.