07 May 2024
Milyarder Roman Abramoviçin 9,7 milyardlıq varidatı ƏLİNDƏN ALINDI - Putinə yaxın olmaq BAHA BAŞA GƏLİR

Milyarder Roman Abramoviçin 9,7 milyardlıq varidatı ƏLİNDƏN ALINDI - Putinə yaxın olmaq BAHA BAŞA GƏLİR

15 Aprel 2022
Baxış: 676

Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Avropa ölkələri Rusiyaya və rusiyalı oliqarxlara qarşı sərt sanksiyalar tətbiq edir. Belə başıbəlalı oliqarxlardan biri də Roman Abramoviçdir. Onun sanksiyalar çərçivəsində Cersidə 5,4 milyard funt-sterlinq dəyərindəki aktivləri dondurulub.

AJMEDİA.İNFO “Daily Mail”ə istinadən xəbər verir ki, çətin günlər yaşayan 55 yaşlı oliqarx Roman Abramoviç hazırda Moskvadadır.

Nəşrin son yazdığına görə, Fransa hökuməti Roman Abramoviçə məxsus villanı müsadirə edib.

Château de la Croë (Şato de la Kro) adlı villanın qiymətinin 90 milyon funt-sterlinq (9,7 milyard rubl) olduğu bildirilib.

1926-cı ildə tikilmiş zərif villada ondan çox yataq, səkkiz vanna otağı var. Dəbdəbəli mülk Aralıq dənizindən bir neçə metr aralıda 12 hektar yaşıl meşəlik və dəbdəbəli qazonlarda yerləşir. Abramoviç 2001-ci ildə “Şato de la Kro”nu aldıqdan sonra onu bərpa etmək üçün təxminən 30 milyon funt sterlinq xərcləyib. Damda 15 metrlik hovuz, zirzəmidə nəhəng idman zalı və ev kinoteatrı hazırlatdırıb.

Bu möhtəşəm mülk əvvəllər keçmiş İngiltərə kralı və Vindzor hersoqu olmuş VIII Eduard və hersoginyasının istifadəsində olub.

Nəşr yazır ki, Abramoviçin bütün mal varlığına sanksiya qoyulmayıb. Belə ki, onun Türkiyənin cənub-qərbində superyaxtaları, Aİ və Britaniyanın yurisdiksiyasından kənarda təqribən 1,2 milyard dollar dəyərində varidatı var.

Xatırladaq ki, bir müddət əvvəl Roman Abramoviçin işçilərinə maaş ödəyə bilmək üçün amerikalı dostlarından borc pul istəməsi ilə bağlı xəbərlər yayılıb. Məlumata görə, oliqarxın məşhur amerikalı dostları sanksiyalarla üzləşməkdən qorxduqları üçün borc verməkdən boyun qaçırıblar.

(Konkret.az)