02 May 2024
İsrailin ən yaxşı aktrisası peyvənddən İMTİNA ETDİ  - Tualet təmizləməyə YOLLANDI

İsrailin ən yaxşı aktrisası peyvənddən İMTİNA ETDİ - Tualet təmizləməyə YOLLANDI

06 Sentyabr 2021
Baxış: 651

Bəşəriyyətin koronavirus pandemiyası ilə iki ildir davam edən mübarizəsinin xronikası yalnız alim-epidemioloqların kəşflərindən, peyvəndlərin hazırlanmasından və xəstələrin həyatını xilas etməyə çalışan milyonlarla həkimin səylərindən ibarət deyil. Bu, həm də COVID-19 virusunun gah “dünya hökuməti”nin uydurması, gah masonların intriqası, gah farmakoloji nəhənglərin sui-qəsdi, gah da yadplanetlilərin məkrli fəndi (lazım olanı qeyd edin) olduğuna səmimi şəkildə inanan və ətrafdakıları da inandırmağa çalışan kovid-dissidentlərin məhdudluğu, tərsliyi və qəzəbliliyi haqda qalmaqallı tarixçədir…

Peyvənddən və testlərdən imtina edən bu qəribə, olduqca eqoist və çeşidli həmfikirlər toplumunun hazırda artıq öz alimləri, ideoloqları, tarixçiləri, jurnalistləri var … Yalnız şərti “Qreta Tunberq” - qlobal kovid-dissidentliyin ardınca tərəddüd etməyən yüz milyonların yeriməyə hazır olduğu barışmaz, döyüşkən simvolu çatışmır.

Yeri gəlmişkən, pandemiya ilə mübarizədə az qala bütün qlobal qərarların qəbul olunmasında təcrübəsindən istifadə olunan İsrail bu sahədə də liderliyə iddialıdır. Çünki, koronavirus testindən imtina etdiyinə görə məşhur teleserial layihəsindən kənarlaşdırılan və adi süpürgəçi kimi çalışmağa yollanan aktrisa Orna Fitusi də məhz İsraildə yaşayır.

Orna Fitusi bütün dünyaya müharibə elan edib...

"Mən səhər tezdən yerimdən qalxıram və başqalarının evini yığışdırmağa yollanıram, - Orna özünün "Tvitter"ində yazır ,- Sanki hansısa filmin qəhrəmanıyam, amma bu, kino deyil. Gecə yatmaq üçün uzananda bədənim ağrıyır və sızıldayır, ancaq səhər təbəssümlə və təmiz ürəklə oyanıram. Həqiqətin qiyməti var və o, buna dəyir …"

Orna Fitusi - tərs kovid-dissidentlərin klassik tipidir. O, sosial şəbəkələrin fəal istifadəçisi kimi mövcud peyvəndlərin qarşısıalınmaz ziyanından və vaksinasiya ilə bağlı sui-qəsd nəzəriyyələrindən çoxlu yazıb və yazmaqda davam edir.

Onun 2021-ci ilin aprelindəki qeydlərindən birində “Pfizer” konserninin Baş direktoru Albert Burla (yeri gəlmişkən, milliyyətcə yəhudi) şəxsən təhqir olunur. Həmin qeyd səs-küylü beynəlxalq qalmaqala səbəb olur. Məsələ ondadır ki, keçmiş baş nazir Benyamin Netanyahunun arqumentləri və xarizması qarşısında duruş gətirməyən Burlanın qərarı İsrailə dünyada birinci olaraq əhalinin kütləvi vaksinasiyasını aparmağa imkan verib.

Orna isə həmin qərarı vaksinasiya olunan 6 milyona yaxın israillini məhv etmək cəhdi kimi qiymətləndirərək sosial şəbəkələrdə Albert Burlanın Adolf Hitlerə bənzəyən fotosunu yerləşdirir, kollaja “Hayl Pfizer!” şüarını əlavə edir və yazır: «Yəhudilər yəhudi uşaqlarını necə öldürməyə çalışırlar!»

Aktrisa Burlu yəhudilərin kökünü kəsmək planlarında ittiham etdi, nasizm dövründə olduğu kimi...

Düzdür, Fitusi sonra qeydi silir, ancaq qalmaqalı yatırmaq və yəhudi dövlətinin “Pfizer “konserni ilə işgüzar münasibətlərini saxlamaq üçün İsrail hökumətinin xeyli səyi və Netanyahunun şəxsən üzr istəməsi gərək olur .

Əlavə edim ki, Orna Fitusi ilk mövsümünün yekunlarına görə İsrail teleakademiyasının “Ən yaxşı dramatik serial” nominasiyasında mükafatlandırılan “Manayek” polis serialında baş rolu oynayandan sonra məşhur aktrisaya çevrilir və onun ikinci mövsümdə iştirakını bütün ölkə səbirsizliklə gözləyirdi.

Ancaq peyvənd olunmayan aktrisa hər dəfə çəkiliş günündən əvvəl koronavirus testi keçməkdən imtina edəndə onu kənarlaşdırırlar və Fitusi nümayişkaranə olaraq (əks halda bu haqda təfsilatı ilə yazmaq nəyə gərəkdi?) süpürgəçi işləmək üçün yollanır.

Bilmirsən, əvvəlcə artist karyerasını öz əlləri ilə məhv edən, sonra isə soffit şüalarını unutmağa hələ vaxt tapmamış sosial şəbəkələrdə hiddətli-coşqun şərhlərin müşayiəti ilə yad mənzillərin döşəməsini təmizləyən bu gənc, yaraşıqlı qadının qarşısıalınmaz qətiyyəti və aşkar məhdudluğu qarşısında baş əyəsən, yoxsa bunu axmaqlıq sayasan (baxır kimə hansı daha yaxındır).

Özünüz söyləyin, insan orqanizminin mikroflorasını sivilizasiyanın sirli düşmənlərindən qorumaq üçün peşəsini, məşhurluğunu və rifahını qurban verən Fitusi yeni Qreta Tunberq deyilmi?!

Bu mətn artıq hazır olanda ABŞ-dan Orna Fitusinin yeni kovid-dissident hərəkatının simvoluna çevrilmək şanslarını yoxa endirən kədərli xəbər gəldi: Florida ştatında koronavirusun ağırlaşmalarından MKİ-nin keçmiş zabiti Robert Devid Stil vəfat etdi.

MKİ-nin keçmiş zabiti dünya sui-qəsd nəzəriyyəsinə inandı və koronavirusdan öldü...

ViceNews xəbər kanalı məlumat verir ki, mərhum ömrünün sonunadək təkcə QAnon ideyalarını təbliğ etmirdi (Sui-qəsd nəzəriyyəsinin adeptlərinin bu birliyində inanırlar ki, dünyanı hansısa gizli və qüdrətli təşkilat idarə edir). “İzahedici” mühazirələri ilə ABŞ-ın 50 ştatını dolaşan Devid Stil həm də iddia edirdi ki, COVID-19-u mistifikasiya adlandıran ilk şəxsdir və həmvətənlərini koronavirusun dünyanın hökmranları tərəfindən özlərinin mənfəəti və antihumanist məqsədləri üçün uydurulmuş həyasız yalan olduğuna inandırmağa çalışırdı.

Nəhayət, Orna Fitusinin “kovid” Qreta Tunberqi olmaq şanslarını yox edən sonuncu arqument: MKİ-nin istefada olan zabiti ən ağır vəziyyətdə belə koronavirusun reallığını inkar etməkdə və sui-qəsd nəzəriyyəsinin mövcudluğuna inanmaqda davam edirdi:

"Onların “kovid” adlandırdıqlarına testin nəticəsi müsbət olsa da, mən peyvənd olunmayacağam ", - Stil ölümündən bir qədər əvvəl yazır və süni tənəffüs aparatına qoşulduğu fotosunu dərc edir. - Sadəcə məsələ ondadır ki, mənim ağciyərlərim fəaliyyət göstərmir …"

Yaxın dostu Mark Tassi avqustun 30-una keçən gecə Robert Devid Stilin vəfat etdiyini rəsmən təsdiqlədi. Onun Orna Fitusinin daha bir “mənəvi qardaşı” olduğunu Tassinin “Tvitter”dəki qeydi də göstərir: «Robert öldü və bu, olduqca və olduqca şübhəlidir…»

Valeriy Kantor (haqqin.az saytının yazarı)