06 May 2024
İspaniya portalında Milli Qurtuluş Günü barədə məqalə dərc edilib

İspaniya portalında Milli Qurtuluş Günü barədə məqalə dərc edilib

12 İyun 2020
Baxış: 389

İspaniyanın “Galicia Digital” elektron portalında “Azərbaycan Milli Qurtuluş Gününü qeyd edir” sərlövhəli məqalə dərc olunub.

AJM xəbər verir ki, məqalədə 1993-cü il iyunun 15-nin Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğu bildirilir. Qeyd olunur ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri ölkənin tarixinə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Günüdür. Bu əlamətdar gün Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir.

Yazıda vurğulanır ki, 1991-ci ildə yenidən müstəqilliyini elan edən Azərbaycan Respublikası daxili və xarici siyasətdə çətin vəziyyətlə üzləşib. Yaranmış vəziyyətdən istifadə edən Ermənistan əsrlərboyu azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasətinin davamı kimi Azərbaycan ərazisinin 20 faizini – Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonu işğal edib. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Məhz belə çətin dövrdə - 1993-cü ildə Azərbaycan xalqının təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıdıb. Həmin gün Azərbaycanın taleyində dönüş anı olub, böyük qurtuluşa doğru mühüm addım atılıb. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri, həmin il oktyabrın 3-də isə ölkə Prezidenti seçilib.

Məqalədə qeyd edilir ki, “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. O demişdir: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.

Müəllif bildirir ki, Ümummilli Liderin uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində ölkədə qısa müddət ərzində sabitlik və tərəqqiyə nail olunub, 1994-cü ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs əldə edilib. Məhz Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin davamı olaraq 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanıb, bununla da Azərbaycanın etibarlı tərəfdaş ölkəyə çevrilməsi təsdiqlənib. “Əsrin müqaviləsi”nin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatına böyük həcmdə xarici sərmayə cəlb edilib ki, bu da ölkənin inkişafında əvəzsiz rol oynayıb.

Heydər Əliyevin rəhbərliyi ilə qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin çəkilməsi Azərbaycanı iri beynəlxalq və regional layihələrin təşəbbüskarına və fəal iştirakçısına çevrilib.

Məqalədə, həmçinin diqqətə çatdırılır ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş daxili və xarici siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə bütün sahələrdə hərtərəfli inkişafa nail olunub, beynəlxalq arenada ölkənin mövqeyi gündən-günə möhkəmlənməkdədir.

Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri Azərbaycan xalqı tərəfindən əbədiləşdirilərək, hər bir azərbaycanlının qəlbinə Ümummilli Lider olaraq əbədi həkk olunub. Məhz bu səbəbdən 15 iyun tarixi ölkədə Milli Qurtuluş günü kimi qeyd olunur.

Teqlər: İspaniya