02 May 2024
Hacı Şahinin qızı “Məşədi Dadaş”ı tərk etdi: “Nə etmək olar...”

Hacı Şahinin qızı “Məşədi Dadaş”ı tərk etdi: “Nə etmək olar...”

12 May 2023
Baxış: 500

"Uşaqlığımın, gəncliyimin, bütün xoş xatirələrimin üzünə qapını bağlayıb çıxdıq bu gün”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri mərhum ilahiyyatçı, "Məşədi Dadaş" məscidinin sabiq axundu Hacı Şahin Həsənlinin qızı bildirib.

“Ürəyimdə deyilməli sözüm çoxdur, amma bəzən sözlər də hissləri ifadə etməyə kifayət etmir. Məni yetişdirən bu məscid o qədər doğma və əzizdir ki... Hələ çox uşaq vaxtımdan məsciddəki məclislərə necə həvəslə getdiyim vaxtlar, yaşımız az olduğu üçün xütbələri dərk etməsək də, çox böyük şövqlə əzadarlıq etdiyimiz günlər dünən kimi yadımdadır.

Ömrümdə ilk İmam Hüseyn məclisinə o məsciddə getmişəm, Qədr gecələrində ilk dəfə "bikə ya Allah"ı orada demişəm... İlk öncə Allaha, daha sonra isə valideyinlərimə bütün bu gözəllikləri mənə yaşatdıqları üçün son nəfəsimə qədər minnətdar olacam... İllər ötdükcə bu ləzzət dolu məclislərin ruhumda o qədər böyük təsiri oldu ki, izah etmək mümkün deyil...

Bu günlərdə isə bizim üçün məscidimizin dəyəri həmişəkindən daha çox idi, çünki atamızı öz Məşuqu ilə görüşə məhz o məsciddən yola salmışdıq. Hər ora getdiyimdə sanki divarlardan hələ də onun səsi gəlirdi qulağıma, hər getdiyimdə atamın ətrini alırdım o məsciddən. Ora bir çoxumuz üçün təsəlli yeri idi, sığınacaq idi. Hər bir küncü xatirə dolu bu məkandan ayrılmaq bizlər üçün çox çətindir, amma məscidi özlərinə yuva bilən uşaqlarımız üçün hər kəsdən daha ağırdır.

Yetimlər indi lap yurdsuz-yuvasız qaldı. Daşın, divarın, torpağın, o minbərin də sizin dalınızca ağladığına əminəm. Amma nə etmək olar ki, 20 ilin sonu da bu gün gəlib çatdı. İllərdir əziyyətimizi çəkən bütün "Məşədi Dadaş" uşaqlarına təşəkkür edirəm. Xudahafiz, bizə doğma olan Allah evi. Xahiş edirik, Qiyamətdə bizdən şikayət etmə. Sənin üçün çox darıxacağıq, əziz "Məşədi Dadaş" məscidi"-deyə o əlavə edib.(Yeni Sabah)