07 May 2024
“Cinayət etmişəm ki, haqqımda araşdırma aparırlar?” - Cavanşir Məmmədovdan nazirliyə ETİRAZ

“Cinayət etmişəm ki, haqqımda araşdırma aparırlar?” - Cavanşir Məmmədovdan nazirliyə ETİRAZ

31 Mart 2022
Baxış: 598

“68 yaşım var və 50 ildir Azərbaycan səhnəsindəyəm. 2006-cı il mayın 16-da cənab prezidentimiz İlham Əliyevin imzası ilə mənə “Əməkdar artist” adı verildi. Məndən sonra sənətə gəlib 2-3 ildə “Xalq Artisti”nə kimi qalxan insanlar var. Mən buna heyrətlənməyim, nə edim?”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Bizim Media-ya açıqlamasında müğənni Cavanşir Məmmədov səsləndirib.

Bununla bağlı bütün qurumlara müraciət etmişəm, amma hamısı məni görməzdən gəlib.

Mədəniyyət Nazirliyinə müraciət etmişəm və mənə cavabda bildiriblər ki, haqqınızda araşdırma aparılır. Mən bəyəm cinayət etmişəm ki, haqqımda araşdırma aparırlar? Araşdırma dedikləri də hələ 16 ildir davam edir. Adam öldürməmişəm, oğurluq etməmişəm və ya dövlət əmlakını mənimsəməmişəm ki, haqqımda araşdırma aparırlar? Mən hələ də sənətimi davam etdirirəm və hamı da məni tanıyır. Əgər sənətimi araşdırmaq onlara bu qədər ağır gəlirsə, buyurub Youtube-dən istifadə edə bilərlər. Bütün çıxışlarım orada var. Hal-hazırda Mədəniyyət Nazirliyinin balansında olan ifaçıyam. Amma bir dəfə də mənimlə maraqlanmırlar. Bütün bəstəkarların hamısının mahnısını ifa etmişəm. Hazırda da el şənliklərinə dəvət alır, sosial verilişlərdə musiqi eksperti kimi çıxış edirəm.

Birinci Qarabağ müharibəsində öz ansamblımla birgə gəzmədiyim cəbhə qalmayıb. Soyuq, müharibə demədən həyatımı təhlükəyə atıb işimlə xalqımın qeyrətli oğullarına dəstək olmuşam. Bəs aidiyyatı qurumlar bu fəaliyyətimi niyə görməzdən gəlirlər?

İki il əvvəl mənə “Xalq artisti” fəxri adı verilməməyi ilə bağlı Prezident Administrasiyasında hörmətli Fərəh xanımın qəbulunda olmuşam. Mənə dedi ki, ay Cavanşir müəllim, onsuz da sizi xalq tanıyır və sevir. “Xalq artisti” adını nə üçün istəyirsiniz? Həmçinin mənə bildirdi ki, Cabbar Qaryağdıoğlu və Seyid Şuşinskinin də fəxri adı yox idi. Bəyəm onları xalq sevmirdi? Məni belə böyük sənətkarlarla müqayisə etdiyi üçün sağolsun, amma məncə, qiymət də vermək lazımdır.

“Xalq artisti” adı almaq mənim də haqqımdır. Mənə deyirlər ki, sən uzun illər toylara getmisən. Bəyəm toylara getmək xalqa xidmət etmək deyil? Yoxsa xalq artistləri toylara getmirlər?

Toylara gedib çörəkpulu qazanıb uşaqlarımı böyütmüşəm. Başqaları kimi İstanbulda ev, Bakıda obyekt almamışam. Əgər kim sübut etsə ki, Cavanşir Məmmədovun bir dənə gəlir gətirən obyekti var, mən o obyekti ona bağışlamağa hazıram.”

Müğənni İzzət Bağırov isə bidirib ki, fəxri ad almaq üçün heç kimə müraciət etməyəcək.

“Düz 32 ildir, Azərbaycan səhnəsində müğənni kimi fəaliyyət göstərirəm. Efirlərdə və el şənliklərində iştirak edirəm. Amma hələ də “Əməkdar artist”əm.

Bu gün Azərbaycanda uşaqdan böyüyə hamı İzzət Bağırovu tanıyır. Mən həyatım boyunca heç kimə nə üçünsə ağız açmamışam. Həyatımın sonuna kimi də məhz öz doğru bildiklərimi edəcəyəm. Heç kimə mənə “Xalq Artisti” adı vermələri üçün yalvarmaycağam. “Qismət” deyib gözləyirəm”.