23 Aprel 2024
Bankda pulu olanlara PİS XƏBƏR - Fevralın 1-dən...

Bankda pulu olanlara PİS XƏBƏR - Fevralın 1-dən...

31 Yanvar 2023
Baxış: 443

Banklarda olan əmanətlər 2023-cü ilin fevralın 1-dən yenidən vergiyə cəlb ediləcək. Çünki 2016-cı il fevralın 1-dən tətbiq edilən əmanətlərin vergidən azad edilməsi müddəti başa çatacaq.


AJMEDİA.İNFO xəbər verir ki, “Vergi Məcəlləsi”nə edilən son dəyişikliklərdə əmanətlərə vergi güzəştlərinin tətbiqi müddətinin uzadılması nəzərdə tutulmayıb. Buna görə də fevraldan əmanətlər üzrə əldə ediləcək faiz gəlirlərindən vergilər alınacaq.

Millət vəkili, iqtisadçı Vüqar Bayramov hesab edir ki, vergi güzəşti bir qədər də uzadılmalıdır.

Onun sözlərinə görə vergi güzəştləri verilməzsə, bu, əmanətlərin həcminə və xüsusən də, valyuta strukturuna neqativ təsir göstərəcək, milli valyutada yığımlara maraq azalacaq:

“Yeddi il əvvəl bu dəyişikliklər qəbul edilən zaman əmanət portfelində manatla depozitlərin payı cəmi 18 faiz olub. İndi bu rəqəm 61 faizədək yüksəlib. Göründüyü kimi, manatın stabilliyi, milli valyutada depozitlərə daha çox dividentin ödənilməsi və vergi güzəştləri manatla yığımlara marağı artırıb”.


Buna görə də millət vəkili təklif edir ki, ya məcəlləyə dəyişiklik edilib güzəşt müddəti daha 1 il uzadılsın, ya da sığorta olunan əmanətlər gəlir vergisindən azad olunsun:

“Birinci halda, növbəti 1 il müddətindən yeni mexanizm hazırlamaq mümkündür. Həmin mexanizm artıq 2024-ci ilin fevralında tətbiq olunan zaman hər hansı çətinlik yaranmayacaq. İkinci halda, əmanətçilərin əksər hissəsinin depozitləri sığortalanan olduğu üçün bu əksər fiziki şəxsləri əhatə edəcək”.

Qeyd edək ki, 7 il əvvəl əmanətlərin gəlir vergisindən azad edilməsi banklara daha çox depozitin cəlb edilməsinə imkan yaratdı. Əgər 2016-cı ildə dəyişikliklər qəbul edilən zaman banklarda fiziki şəxslərin 8 milyard 77 milyon manat əmanəti var idisə, ötən müddətdə bu göstərici 11 milyard 743 milyon manatadək yüksəlib. Bu o deməkdir ki, həmin müddətdə banklarda fiziki şəxslərin əmanətləri 45 faizdən çox artıb. (sfera.az)