01 May 2024
Azərbaycan, Türkiyə, Pakistan hərbi təlimləri. Türkiyənin Xəzərdə mövcudluğundan Rusiyanın narahatlığı-Rüstəm Tağızadənın ŞƏRHİ

Azərbaycan, Türkiyə, Pakistan hərbi təlimləri. Türkiyənin Xəzərdə mövcudluğundan Rusiyanın narahatlığı-Rüstəm Tağızadənın ŞƏRHİ

18 Sentyabr 2021
Baxış: 1506

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ordusu istər ölkə daxilində, istərsə də Türkiyədə hərbi təlimlər keçirdilər. Sentyabr ayının 11-də Azırbaycan, Türkiyə və Pakistan silahlı qüvvələrinin hərbi təlimləri start götürdü. Birgə təlimlərin əsas məqsədi, çoxsaylı döyüş əməliyyatları zamanı qardaş ölkələrin Xüsusi Təyinatlı Qüvvələr Birliyinin peşəkar hazırlığını və taktiki hazırlığını artırmaq, sülh və müharibə vaxtında əməliyyatlara hazırlaşmaq, bilik və təcrübə mübadiləsi aparmaqdır.

Bu sözləri Politoloq Rüstəm Tağızadə AJMEDİA.İNFO -ya açıqlamasında bildirib.

“Üç qardaş - 2021” Beynəlxalq hərbi təlimlər Sürətlə dəyişən geosiyasi və geo-strateji ssenarilər hər hansı bir xarici təcavüz və ya hücumu önləmək üçün Azərbaycan, Pakistan və Türkiyə arasında sıx əlaqə yaratmağı tələb etdiyi üçün həm regional, həm də bölgələrarası siqnal və jestlərə malikdir. Bu təlimlər siyasət, iqtiadiyyat, təhlükəsizlik, mədəniyyət sahələrində Azərbaycan ilə Türkiyə arasında imzalanan “ Şuşa Bəyannaməsinin davamıdır. Bundan başqa 2021 -ci ilin iyulunda Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin spikerləri “Bakı Bəyannaməsini” imzaladılar. Azərbaycan və Pakistan nisbətən oxşar silah və hərbi maşın sistemlərinə sahibdirlər ki, bu da daha da irəliləmək üçün ortaq bir işarədir. Təklif olunan hərbi əməkdaşlığa hər iki silahlı qüvvənin müqayisə olunan xidmətləri arasında müntəzəm hərbi təlimlər də daxil ola biləcəyi irəli sürülür. Dəyərli strateji məlumat mübadiləsi və ərazi silahlı qarşıdurma mövqelərinə ümumi yanaşmalar, müdafiə sahəsində ikitərəfli əlaqələrin yaxşılaşdırılmasında təbii bir uzantı ola bilər. Onu da qeyd etmək lazımdır ki, Pakistan Silahlı Qüvvələri Global Fire Power saytının araşdırmasına əsasən dünyada 10-cu sırada qərarlaşıb. Bu da Pakistan ordusunun gücündən xəbər verir. Bəşər sivilizasiyasının tarixi və təkamülü, güclü müdafiənin milli qürurun və ərazi suverenliyinin əsl qarantı olduğunu ortaya qoyur. Beləliklə, Üç Qardaş-2021 Hərbi Təlimi doğru istiqamətdə doğru bir addımdır. İkinci Qarabağ müharibəsindən sonra Türkiyə de-fakto olaraq Cənubi Qafqaz regionuna daxil olmuşdur. Biz bunu istər keçirilən hərbi təlimlər zamanı, istərsə də Türkiyə və Rusiya rəsmilərinin danışıqlarında görə bilirik. Türkiyə hərbiçilərinin Azərbaycanla Xəzər dənizində keçirdiyi hərbi təlimləri Rusiya yaxından izləyir. Baş tutan brifinqdə erməni jurnalistin “Rusiyanın Azərbaycanın Türkiyə ilə birgə Laçında təxribatçı təlimlərinə münasibəti necədir” sualına Mariya Zaxarovanın cavabı isə belə olub ki, Rusiya haqqında danışılan təlimlə bağlı mövqeyini Bakının diqqətinə çatdırıb. Zaxarova bununla demək istəyib ki, Rusiya Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən narahat olub. Buna baxmayaraq, Zaxarova erməni mediasının provakativ imkanlarını nəzərə alaraq cavabına bu cümləni də əlavə edib: “Azərbaycanlı həmkarlarımızla daima təmasdayıq, ona görə əlavə şərhə ehtiyac duymuram”. Görünən odur ki, Rusiya bu təlimlərdən narahatlıq keçirir. Ancaq bu təlimlərə kənardan müdaxilə edə bilmir. Qeyd etmək lazımdır ki, 18 sentyabr tarixində Rusiya Xəzər flotiliyasının iki hərbi gəmisi Bakıya gəlib.Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə sentyabrın 18-də Bakıya gəliblər. Azərbaycan və Türkiyə Hərbi Dəniz təlimlərindən dərhal sonra Bakıya səfər etməsi Rusiyanın quruda olduğu kimi dənizdə də Türkiyə qorxusunun olduğunu açıq şəkildə nümayiş etdirmiş oldu. Türkiyə isə Xəzər daxil olmaqla təkcə Cənubi Qafqazdan deyil, eyni zamanda Mərkəzi Asiya regionunda geosiyasi mövqeyə malik olduğunu göstərmiş oldu. Getdikcə güclənən Azərbaycan-Türkiyə siyasi-hərbi birliyi regionda yeni layihələrin baş tutmasına öz töhvəsini verəcək.