07 May 2024
Azərbaycan-İsrail əlaqələri yeni müstəvidə- Regionda ciddi dəyişikliklər olacaq...

Azərbaycan-İsrail əlaqələri yeni müstəvidə- Regionda ciddi dəyişikliklər olacaq...

19 Noyabr 2022
Baxış: 383

Azərbaycan İsraildə səfirliyini açacaq. Bu, əslində çoxdan gözlənilən və bəlkə də gecikən bir qərardır. Ancaq bütün hallarda ekspertlər, siyasi şərhçilər Azərbaycanın bu addımını yerində verilmiş qərar hesab edirlər.

İsrail bir müsəlman ölkəsi olmasa da, Azərbaycana heç zaman qonşu müsəlman ölkəsinin etdiyi naqisliyi etməyib. Əksinə, hər zaman bu ölkədən dəstək görmüşük və əməkdaşlığa sadiq olub, sayğıya qüsur etməyiblər.

Məlumat üçün bildirək ki, İsrail və Azərbaycan 30 ildir müxtəlif sahələrdə əlaqələr qurub, 1993-cü ildən Bakıda İsrail səfirliyi fəaliyyət göstərir.

Ümumilikdə isə Azərbaycan-İsrail münasibətləri 1990-cı illərin sonundan etibarən strateji xarakter daşıyır.

Çox uzağa getməyək, 44 günlük Vətən müharibəsini yada salaq. Yəqin ki, həmin zaman əksəriyyətimiz “İsrail dronları” ifadəsini işlədir, Müdafiə Nazirliyi tərəfindən yayılan erməni tanklarının, texnikalarının məhv edilməsi kadrlarını görəndə qardaş Türkiyə ilə bərabər İsrailin də adını xoş sözlərlə yad edirdik.

Qərb ölkələri Azərbaycana silah-sursat satmaqdan imtina etdiyi bir zamanda İsrail haqq-ədalətin yanında oldu. İsrail bir müsəlman ölkəsi olmasa da, müsəlmanların ibadət yerlərinə, tarixi abidələrinə qarşı edilən vandallığı qəbul etmədi. İsrail bəzi dövlətlərdən fərqli olaraq Azərbaycanın haqq səsini eşitdi və ondan yana oldu.

Bu gün Azərbaycan-İsrail münasibətləri yalnız ikitərəfli deyil, regional əhəmiyyət daşıyır. Bu ilin avqust ayında Türkiyə ilə İsrail uzun sürən danışıqlardan sonra qarşılıqlı olaraq hər iki ölkədə səfirliklərin açılması barədə yekun razılığa gəldilər. Məlumdur ki, hal-hazırda Yaxın və Orta Şərqdə əsas siyasəti müəyyən edən dövlət Türkiyə və İsraildir. Ancaq bu iki ölkə arasında məlum səbəblərdən münasibətlər gərginləşmişdi. Məhz iki ölkənin əlaqələrinin bərpasında Azərbaycanın böyük rolu oldu. Bunu həm Rusiya, həm Türkiyə, həm də İsrail mətbuatı da dəfələrlə vurğulayıb. Bildiriblər ki, bütün bunlar Prezident İlham Əliyevin necə güclü lider olduğunun göstəricisidir.