16 May 2024
Ayağı, əli qapı arasında qalan uşaqlar, 40 dəqiqə gecikmə... - "77" nömrəli avtobusun sürücüləri vətəndaşlara niyə qənim kəsilib?

Ayağı, əli qapı arasında qalan uşaqlar, 40 dəqiqə gecikmə... - "77" nömrəli avtobusun sürücüləri vətəndaşlara niyə qənim kəsilib?

22 Sentyabr 2023
Baxış: 911

Bakıda avtobusların gec gəlməsi, sürüclərin təhlükəli sürməsi haqqında dəfələrlə xəbərlər yazılıb. Ancaq budəfəki məsələ tamam başqadır.


Bu avtobusun sürücüləri vətəndaşlara qənim kəsilib. Dəfələrlə uşaqlar, yaşlılar qapı arasında qalıb. Sürücülərin isə bu vəziyyət heç vecinə belə deyil, qorxuları da yoxdur. Söhbət 77 nömrəli müntəzəm marşrut xəttindən (Yeni Yasamal, Ə.Əhmədov küçəsi-M.F.Axundov bağı) gedir. Sərnişinlərin çoxsaylı müraciət və şikayətlərinə baxmayaraq, 77 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarla bağlı problemli hallar aradan qaldırılmır. Bu marşrut xətti üzrə avtobusların sürücüləri qaydaları pozmaqda davam edir.

Redaksiyamıza 2 həftə əvvəl daxil olan şikayətdə bildirilib ki, sürücü avtobusun qapılarını tez bağladığı üçün bir 4-5 yaşlarında uşağın ayağı qapının arasında qalıb. Sərişinlər qışqırıb qapıların açılmasını istəsə də, sürücü nəzərə almayıb. Sözün əsl mənasında körpə uşağı sürüyüb. Valideyn sürücüyə şikayət edəcəyini desə də, onun vecinə olmayıb. Ötən gün də gənc bir xanım avtobusun qapısı arasında qalıb. Şikayətçilərin dediyinə görə, bu halllar ilk deyil. 77 nömrəli avtobus sürücülərinin "məharətindən" dəfələrlə azyaşlı, gənc, yaşlı sərnişinlər nəsiblərini alıblar və ölçü götürülməsə, almağa da davam edəcəklər kimi görünür.

Sözügedən marşrut xətti ilə bağlı tək şikayət bu da deyil. İntervalda gecikmələr də sərnişinlərin yaralı yeridir. Hətta gecikmələrin 40 dəqiqəyə çatdığı da bildirilib:

"Dünən də bu hal baş verib. Saat 21-22 arası 35-40 dəqiqə "77"ni gözləmişik. Pik saatlar da deyildi. Gözləyirlər ki, sərnişinlər dayanacaqlarda yığılsınlar, sonra gəlsinlər. Avtobusun içində iynə atsan, yerə düşməz. Hətta dəfələrlə sürücülərin öz aralarındakı telefon zənglərində "planı tam doldurmamışam, dayanacaqlarda ləngi" demələrinə də şahid olmuşuq. Heç günün ən pik saatlarında digər marşrutlar üzrə hərəkət edən avtobuslar (14, 17) belə bu qədər gecikmir. Sürücülərə, dispetçerlərə irad bildirəndə isə ya kobudca "bəyənmirsən, taksiyə min" deyirlər, ya da heç saymırlar".

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etdik. Nazirlik rəsmisi müraciətimiz əsasında şikayətlərlə bağlı araşdırılma aparılacağı bildirdi.

Ümid edirik ki, vətəndaşlarımız daha çox zərər görmədən bu problemlər həll olunacaq.(Sfera.az)

AJMEDİA.İNFO