06 May 2024
Avropa Parlamenti: Dağlıq Qarabağ Azərbaycanın qanunsuz işğal edilmiş ərazisidir

Avropa Parlamenti: Dağlıq Qarabağ Azərbaycanın qanunsuz işğal edilmiş ərazisidir

12 İyun 2020
Baxış: 462

Avropa Parlamentinin Azərbaycan, Ermənistan və Gürcüstan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, bu qurumun Ermənistan üzrə məruzəçisi Trayan Besesku Ermənistan ilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu arasında yeni magistral yol tikintisi ilə əlaqədar birgə bəyanat yayıblar (bax: azertag.az/ru/xeber/1510037).

AJM xəbər verir ki, bu sənəd Azərbaycanın Dağlıq Qarabağ regionunun Yerevan tərəfindən lobbiləşdirilən “öz müqəddəratının təyin etmək hüququnun bütün qanunlar üzrə sərbəst fikir bildirilməsi nəticəsində öz müqəddəratını təyin etmiş arsax xalqı” statusuna rəğmən, məhz Ermənistan tərəfindən işğal edilmiş region kimi dünyada, o cümlədən Avropa İttifaqı strukturlarında daha artıq dərəcədə tanınmasının növbəti təsdiqidir.

Sənəd Avropa Parlamentinin saytında dərc edilib: https://www.europarl.europa.eu/cmsdata/208877/KALJURAND_BASESCU_ZOVKO_Joint%20statement_new%20highway%20between%20Armenia%20and%20Nagorno%20Karabakh.pdf

Sənədin mətni yetərincə qısadır, lakin onun gözəlliyi də məhz bundadır ki, Ermənistan və Azərbaycan üzrə əsas məruzəçilərin prinsipial mövqeyi qısa formada ifadə edilib. Bəyanatın ikinci cümləsində “also” (həmçinin) sözü diqqəti cəlb edir: “Yeni infrastruktur yolu, HƏMÇİNİN (!) işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarından keçməklə Ermənistandakı Qafanı Dağlıq Qarabağdakı Hadrut ilə birləşdirəcək”.

Beləliklə, “həmçinin” sözü “işğal edilmiş” statusunu Dağlıq Qarabağın özünə də şamil edir. Bütün bu illər ərzində bilavasitə Dağlıq Qarabağ ilə ona bitişik rayonlar arasında keyfiyyətcə hədd qoymağa çalışanlar yəqin ki, indi özlərini çox pis hiss edirlər!

Sənəddə bir qədər sonra ilk baxışda “yarımçıqlıq” və “ikimənalılıq” təsiri bağışlayan hər hansı ifadələr bir kənara atılıb: Dağlıq Qarabağa bitişik rayonlarla yanaşı, bu region özü də açıq-aydın “qeyri-qanuni işğal edilmiş ərazi” adlanır. Üstəlik, bu qeyri-qanuni işğalı sabitləşdirmək cəhdlərinin qəbuledilməz olması və bu baxımdan narahatlıq ifadə edilir.

Nəhayət sonda daha bir xoşagələn məqam ondan ibarətdir ki, sənədin müəllifləri ATƏT-in Minsk qrupunun səylərinin dəstəkləyirlər, lakin bu dəstək ermənilərin xoşladığı hansısa mücərrəd formada ifadə olunmur, 2009-cu ildən qəbul edilmiş baza prinsipləri “münaqişənin dinc yolla, Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilmiş sərhədləri səviyyəsində nizamlanması” şəklində konkretləşdirilir.

Bu sərhədləri izah etməyə, fikrimizcə, ehtiyac yoxdur. Lakin əgər erməni tərəfi “Arsaxın müstəqilliyi Azərbaycanın sərhədlərini pozmur, çünki Dağlıq Qarabağ hələ Azərbaycanın sərhədləri tanınana qədər leqal şəkildə onun tərkibində çıxıb” kimi cəfəng tezislərlə manipulyasiya etməyə çalışarsa, onun bir məsələ barədə fikirləşməsi pis olmazdı: əgər belədirsə, əgər ərazi bütövlüyü heç kəs tərəfindən pozulmursa, onda Avropa İttifaqından olan siyasətçilər ərazi bütövlüyünə riayət edilməsi prinsipini ümumiyyətlə nə üçün xatırladırlar?

Hərçənd əminik ki, Yerevanda onsuz da hər şeyi çox yaxşı başa düşürlər. Bir şapalağın izi keçməmiş növbəti şapalaq gəlir. Ümidvarıq ki, bu da sonuncu olmayacaq.

Teqlər: Avropa