21 May 2024
Tarixdə iz qoyanlar: Azərbaycanın Ermənistandakı SƏFİRLƏRİ - İrəvanda növbəti diplomatımız...

Tarixdə iz qoyanlar: Azərbaycanın Ermənistandakı SƏFİRLƏRİ - İrəvanda növbəti diplomatımız...

01 Fevral 2022
Baxış: 455

“Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısı yayımlanıb.

AJMEDİA.İNFO Modern.az-a istinadən həmin yazını təqdim edir:

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.

1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) öz üzərinə Şərqdə ilk demokratik dövlət yaratmaq kimi çətin tarixi vəzifə götürmüşdü. Və bu vəzifəni şərəflə yerinə yetirən AXC-nin idarəetmə aparatı, ilk parlamenti və hökuməti təşkil edilmiş, ölkənin sərhədləri müəyyənləşdirilmiş, bayrağı, himni və gerbi yaradıl­mış, dövlət dili elan edilmişdi.

Azərbaycan Xalq Çümhuriyyəti dövründə xarici siyasət və dip­lomatik əlaqələr də ön planda olmuşdu. Xarici İşlər Nazirliyi yaradılmış, Azərbaycanın xarici dövlətlərdəki səfirlikləri, diplo­matik nümayəndəlikləri, konsul­luqları təsis edilmişdi. Bununla yanaşı, xarici dövlətlərin də Azərbaycandakı diplomatik nümayəndəlikləri və konsulluqları açılmışdı.

2 illik mövcudluğu dövründə AXC-nin xarici işlər nazirləri Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçuba­şov, Fətəli xan Xoyski, Məmməd Yusif Cəfərov olmuşdu.

Qeyd etdiyimiz kimi, Azərbaycanın bir sıra xarici dövlətlərdə diplomatik nümayəndələri fəaliyyət göstərmişdi ki, bu dövlətlərdən biri də qonşu Ermənistan olmuşdu.

1918-1920-ci illərdə Azərbaycan Xalq Çümhuriyyətinin Ermənistanda üç diplomatik nümayəndəsi - səfiri fəaliyyət göstərmişdi: Məhəmməd xan Təkinski, Əbdürrəhim bəy Haqverdiyev, Tey­mur bəy Makinski.

Arxiv sənədləri göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə İrəvandakı diplomatik nümayəndəliyimizin fəaliyyəti Ermənistan xüsusi xidmət orqanlarının daim nəzarəti altında olmuş, azərbaycanlı diplomatların işinə həmişə maneçilik törədilmiş, onlar təzyiqlər altında işləməyə məcbur olmuşdular.

Cümhuriyyət dövründə Ermənistanda fəaliyyət göstərmiş üç diplomatımızla bağlı qısa məlumatları diqqətə çatdırırıq.

AXC-nin Ermənistanda ilk diplomatik nümayəndəsi - səfiri Məhəmməd xan Təkinski 1919-cu il yanvar ayının 29-da bu vəzifəyə təyinat almışdı.


Milliyətcə türkmən olan Məmməd Xan Təkinski 1879-cu ildə Mərkəzi Asiyada Axal-Təkə vadisində anadan olmuş, 1881-ci ildə rusların türkmənlərlə apardıqları mübarizə zamanı valideynlərini itirmişdi.

İki yaşında olarkən onu rus ordusunun azərbaycanlı polkovniki Ehsan xan Naxçıvanski oğulluğa götürmüş və Məmməd Xan Təkinski adını vermişdi.

O, Tiflis birinci kişi gimnaziyasını, 1908-ci ildə isə Odessada yerləşən Novorossiya İmperator Universitetinin hüquq fakültəsini bitirmişdi.
Təkinski Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif vəzifələrdə dövlətə və xalqa layiqincə xidmət etmiş şəxslərdəndir. O, Zaqafqaziyada erməni-daşnak qüvvələrinin dinc müsəlman əhalisinə qarşı törətdiikləri zorakılıq və vəhşiliklərin tədqiq edilməsi üçün Cümhuriyyət hökumətinin qərarı ilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyasının (iyul-dekabr) üzvü olmuşdu.
Məmməd Xan Təkinski İrəvanda fəaliyyətə başlayandan sonra Naxçıvan mahalında “erməni idarəçiliyi”nə son qoyulması məsələsinin zəruriliyini dəfələrlə Ermənistandakı beynəlxalq missiyaların qarşısında qaldırmış və Cümhuriyyət hökumətinin bu işə fəal müdaxilə etməsinə çalışmışdı.

M.Təkinski İrəvanda özünü cəsarətlə aparır, azərbaycanlı əhaliyə qarşı Ermənistan hökumətinin yeritdiyi etnik təmizləmə siyasətinin qarşısını almağa, Azərbaycan hökumətinin mümkün köməyinin əldə edilməsinə çalışırdı. O, qırğınların dayandırılmasına və azərbaycanlı əhalinin hüquqlarının qorunmasına nail olmaq üçün dəfələrlə Ermənistanın baş naziri, xarici işlər naziri, Eçmiədzin katolikosu, müttəfiq dövlətlərin Ermənistandakı missiyasının başçıları ilə görüşmüşdü.

M.Təkinskinin ermənilərin Şərur-Naxçıvanı Ermənistana birləşdirmək iddialarına qarşı kəskin fəaliyyəti Ermənistan hökumətini ciddi narahat edirdi. Ona görə də hər vəchlə onu Ermənistandan uzaqlaşdırmağa çalışırdılar. Təkinskinin milli mənafelərin müdafiəsinə yönəlmiş fəal diplomatik mövqeyindən narazı qalmış Ermənistanın daşnak hökuməti onun geri çağrılmasına çalışmış və sonda buna nail olmuşdu. İrəvanda cəmi 8 ay dipolmat kimi çalışan M.Təkinski fövqəladə cəsarətlə fəaliyyət göstərdiyi üçün Ermənistan hökuməti tərəfindən “persona-non qrata” elan edilmişdi.
Məmməd Xan Təkinski geri çağırıldıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə 1919-cu il oktyabrın 1-dən etibarən xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilmiş və Azərbaycan sovetləşdirilənədək bu vəzifəni icra etmişdi.
Sovet işğalından sonra Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimləri və ziyalı təbəqə ağır repressiyalara məruz qaldılar. AXC-nin digər dövlət xadimləri kimi Məmmədxan Təkinski də 1938-ci ildə represiya qurbanı oldu və güllələndi.

M.Təkinskidən sonra Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistanda diplomatik nümayəndəsi görkəmli yazıçısı Əbdürrəhim bəy Haqverdiyev təyin edilmişdi. Əbdürrəhim bəy bu vəzifəyə 1919-cu il avqustun 24-də təyinat almışdı.

Bu təyinata kimi, Ə.Haqverdiyev Azərbaycanın Dağlı Respublikasında diplomatik nümayəndəsi olmuşdu.


Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olmuşdu. 1890-cı ildə Şuşa rеalnı məktəbinin altıncı sinfini bitirmiş, sonrakı təhsilini Tiflis rеalnı məktəbində başa vurmuşdu. 1891-ci ildə ali təhsil almaq üçün Pеtеrburqa gеtmiş və оrada Yоl Mühəndisləri İnstitutuna daxil оlmuşdu. Pеtеrburqda оlduğu səkkiz il müddətində universitetin Şərq fakültəsində də təhsil almış, dil və ədəbiyyat dərsləri ilə ciddi məşğul оlmuşdu.

Ali təhsilini alıb vətənə qayıdan gənc yazıçı bir müddət Şuşada yaşamış, 1901-ci ildə isə Bakıya köçmüşdü.

Əbdürrəhim bəy Hqverdiyev klassik Azərbaycan ədəbiyyatının korifey yazıçısı, dramaturqu, pedaqoq və ədəbiyyatşünası, ictimai-siyasi teatr xadimi kimi tanınmaqla yanaşı, diplomat da olub.

Ermənistan hökuməti İrəvanda işə başlayan Əbdürrəhim bəy Haqverdiyevin də diplomatik fəaliyyətinə daim maneçilik törətmişdi. Çünki Əbdürrəhim bəy İrəvan quberniyasında və Qars vilayətində türk-müsəlman əhaliyə qarşı ermənilər tərəfindən törədilən soyqırımı faktlarının xarici ölkələrin Qafqazdakı nümayəndəliklərinə çatdırılmasında xeyli iş görmüşdü.

Arxiv sənədləri sübut edir ki, Əbdürrəhim bəy Haqverdiyevin 1920-ci ildə diplomatik nümayəndə kimi qatarla Tiflisdən İrəvana gedərkən yolda erməni quldurlarının soyğunçuluğuna məruz qalması təsadüfi hadisə olmayıb. Bu hadisə zamanı onun üzərindəki qiymətli əşyalar və pul müsadirə olunmuşdu.

O zaman AXC hökuməti azərbaycanlı səfirin qarət olunmasına etiraz edərək, Ermənistanın rəsmi qurumlarından cinayətkarlarla bağlı tədbir görülməsini tələb etsə də, uzun sürən diplomatik yazışmalardan heç bir nəticə hasil olmamışdı.

Erməni cinayətkarlarının törətdikləri bu cinayət adi quldurluq hadisəsi deyildi. Ə.Haqverdiyevin Bakıdan gətirdiyi pullar Diplomatik Nümayəndəliyin ehtiyaclarının təmin edilməsi ilə yanaşı, həmin dövrdə indiki Ermənistan ərazisində erməni silahlı dəstələrinin hücumları nəticəsində yurdlarından didərgin düşən qaçqınların, yetimxanalarda sığınacaq tapan kimsəsiz uşaq və qocaların aclıqdan ölmələrinin qarşısının alınmasına sərf edilməli idi. Lakin Ermənistan hökumətinin əli ilə erməni quldurlar onları bu imkandan məhrum etmiş, vəziyyətlərinin daha da ağırlaşmasına səbəb olmuşdu.

Ə.Haqverdiyevə yaradılan meneçiliklər səbəbindən Ermənistanda daimi nümayəndə vəzifəsindən istefa verməyə məcbur olmuşdu.
O, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra - 1921-ci ildən 1931-ci ilə qədər Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr оxuyub, gənc kadrlar hazırlığı işində fəal iştirakı ilə müəllimliyini davam etdirib.

Əbdürrəhim bəy Haqverdiyevin 1933-cü il dekabrın 11-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Ə.Haqverdiyev Ermənistanda daimi nümayəndə vəzifəsindən istefa verdikdən sonra - 1920-ci il martın 16-da onun yerinə Teymur bəy Makinski təyin edilmişdi.

T.Makinskinin aqibəti də sələflərinin aqibəti kimi olmuşdu. Teymur xan Makinski 1874-cü ildə İrəvan şəhərində dünyaya gəlmişdi.
T.Makinski İrəvan şəhər gimnaziyasını bitirdikdən sonra Polşaya gedərək Varşava Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1916-cı ildə fakültəni birinci dərəcəli diplomla bitirərək Azərbaycana qayıtmışdı.

O, Tiflisdə qurulan Zaqafqaziya Seymində müsəlman fraksiyasının tərkibində Azərbaycanı təmsil edib. Sonralar Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə qurulan Milli Şuraya üzv seçilib. Milli Şura 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın müstəqilliyini elan etdikdən sonra Makinski Fətəli xan Xoyskinin qurduğu birinci və ikinci hökumətdə ədliyyə nazirinin müavini vəzifəsinə təyin olunub.
Fətəli xan Xoyskinin qurduğu üçüncü hökumətdə isə ədliyyə naziri vəzifəsini icra edib. O, 1919-cu ilin iyunundan 1920-ci ilin yanvarına qədər Azərbaycan Hərbi Məhkəməsinin sədri vəzifəsində işləyib.

Makinski İrəvan quberniyasındakı azərbaycanlıları erməni zülmündən qorumaq məqsədilə 1919-cu ilin yanvarında Bakıda qurulan İrəvan quberniyası Həmyərliləri Cəmiyyətinin idarə heyətinə sədr seçilib.

Erməni dilini yaxşı bilən Teymur xan Makinskinin İrəvandakı diplomatik fəaliyyəti Ermənistan hökumətini ciddi narahat edirdi. Buna görə də onun hər addımı izlənilir və mane olmağa çalışırdılar. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəsi olan Makinski Zəngəzur, Göyçə və İrəvan ərazisində yaşayan azərbaycanlıların birliyini və güclənməsini təmin edə bilmişdi.

Arxiv sənədlərinə görə, T.Makinski səfir olduğu qısa müddətdə Ermənistanda yerli azərbaycanlılara qarşı mövcud təzyiqi qismən aradan qaldırmağa nail olub.

1920-ci ilin mayında Ermənistan Daxili İşlər Nazirliyi tərəfindən Zəngibasarda azərbaycanlı əhalinin silahlı üsyanına yardım göstərilməsi ittihamı ilə T.Makinski başda olmaqla diplomatik nümayəndəliyin əməkdaşlarına qarşı cinayət işi açılmışdı. T.Makinski təcili Tiflisə gələrək həbsdən canını qurtara bilsə də, digər əməkdaşlar tutulmuşdular. Azərbaycan hökuməti bunun qarşılığında Ermənistanın Azərbaycandakı diplomatik nümayəndəliyinin əməkdaşlarını həbs etmiş, bundan sonra İrəvanda nəzarətdə olan azərbaycanlı əməkdaşlar azad edilmişdilər.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Ermənistan hökuməti tərəfindən 1920-ci il mayın 15-də Azərbaycan diplomatik nümayəndəliyinin fəaliyyəti dayandırılıb. Bunu fürsət bilən Ermənistan hökuməti tərəfindən səfir olduğu vaxt İrəvan və Zəngibasarda yaşayan azərbaycanlılara maddi və mənəvi kömək göstərdiyi üçün Makinskiyə qarşı cinayət işi açılıb. Ermənistan prokurorluğu tərəfindən axtarışa verilən Makinski Gürcüstanın İrəvandakı daimi təmsilçisinin köməyi ilə gizlicə Tiflisə yollanıb. O, Tiflisə gedərkən ermənilərin əlinə keçməsin deyə bəzi mühüm sənəd və arxiv materiallarını da özü ilə aparmışdı.

Təəssüf ki, 1920-ci il mayın 28-də Tiflisə gedən Makinskinin sonrakı taleyi barədə məlumat yoxdur... Onun vəfat yeri də bilinmir.

Bu hadisələr 1918-1920-ci illərdə azərbaycanlı diplomatların Ermənistanda necə təhlükəli vəziyyətdə və ekstremal şəraitdə fədakarlıqla çalışdıqlarını göstərir.

1920-ci ilin aprelində sovet-bölşevik reji­minin Azərbaycanı işğal etməsi və müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması nəticəsində Azərbaycanın digər xarici ölkələrdəki dip­lomatik nümayəndəlikləri kimi, Ermənistandakı səfirliyinin fəaliyyətinə də son qoyuldu.

Üstündən uzun illər keçəndən sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Bu reallıqlar 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük II Qarabağ Müharibəsindən sonra gündəmə gəlib. Qarabağda işğal olunmuş torpaqların böyük qismini 30 ildən sonra azad edən Azərbaycan Respublikası hazırda Ermənistanla sülh bağlamaq və yenidən diplomatik münasibətlər qurmaq niyyətindədir.

Doğrudur, məğlub Ermənistan hələ ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa tələsmir. Amma yəqin ki, yaxın illərdə Ermənstan Azərbaycanla sülh müqaviləsi imzalamağa nail olacaq.

Maraqlıdır, Azərbaycan Respublikası Ermənistanla diplomatik münasibətləıri bərpa edə bilsə, Məhəmməd xan Təkinski, Əbdürrəhim bəy Haqverdiyev, Tey­mur bəy Makinskinin xələfi – Bakıdan İrəvana göndəriləcək növbəti səfir kim olacaq...